Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib. Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Cənab Prezident, əziz qardaşım,
Ad gününüzü millətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Sizin rəhbərliyiniz ilə Azərbaycan gələcəyə inamla baxan güclü və rifah içində yaşayan ölkə olmaq yolunda sürətlə irəliləyir. Azərbaycanın artan iqtisadi və siyasi gücü ilə Qafqaz regionunun yüksələn ulduzuna çevrilməsini böyük məmnuniyyətlə izləyirəm.
Bu prosesdə öz gücünü xalqlarımız arasındakı tarixi qardaşlıq əlaqələrindən alan Türkiyə-Azərbaycan münasibətləri də regionumuz baxımından misilsiz sabitlik amilinə çevrilib.
Bu xoş fürsətdən istifadə edərək Zati-aliləri, əziz qardaşıma yeni yaşında cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının xoş günləri və rifahının davam etməsi üçün səmimi diləklərimi ifadə edirəm".
Bundan başqa Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona xalqımızın rifahı və əmin-amanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev təbrikə və diqqətə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
Söhbət zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.