Suriya münaqişəsinin başlanğıcında ABŞ hökuməti Əsəd rejiminin dəyişdirilməsi üçün fürsət axtarsa da, bu fürsəti əldə edə bilmədi. Bu barədə "Wall Street Journal” keçmiş və indiki amerikan məmurlarına əsasən bildirir.
Nəşrdə qeyd olunur ki, ABŞ "rejimdəki çatları” müəyyən etməyə çalışırdı ki, bunun köməyilə ölkədə hərbi çevrilişi gerçəkləşdirsin. 2011-ci ildə nəhayət belə bir fürsət yaxalanır: ABŞ xüsusi xidməti bir neçə ələvi təriqətli zabiti rejim dəyişikliyinə başçılıq etmək üçün müəyyən edir. "2011-ci ildə Ağ Evin siyasəti ondan ibarət idi ki, Suriya rejimində yaranan çatlardan insanların təbliğatında istifadə olunsun və beləliklə də onların Əsəddən imtinasına stimul verilsin” – deyə ABŞ prezidentinin keçmiş administrasiya işçisi nəşrə bildirib. Onu da qeyd edib ki, iki ölkə arasında danışıqlar çox zaman birbaşa aparılırdı və Əsəd hər müraciətində ABŞ-ın terrorizmə qarşı mübarizədə Suriya dövləti ilə birlik nümayiş etdirməsini istəyirdi.
Qeyd edək ki, Suriyada silahlı münaqişə 2011-ci ildən davam edir. BMT-nin açıqlamasına görə, bu müddət ərzində 220 min insan həyatını itirib.