Bu il Almaniyaya üz tutan onlarla qaçqının üzərində gəzdirdiyi kimlik vəsiqəsinin saxta olduğu ortaya çıxıb. Baki-xeber.com-un pravda.ru saytına istinadən xəbərinə görə, BİLD bu pasportların Parisdə özünü partladan intiharçıların üzərindən tapılan kimlik vəsiqələrinə çox bənzədiyini açıqlayıb.
Açıqlamada bildirilir ki, sənədlər orijinal olsa da, onlardakı şəxsi məlumatlar və fotolar dəyişdirilib. Xəbərdə o da bildirilir ki, pasportlar hazırda İŞİD-in nəzarətində olan Rakka şəhərində verilib. Güman olunur ki, bu, terroristlərin son zamanlar Avropa ölkələrinə daxil olması üçün düşünülmüş hiylədir. Yəni əvvəlcə terror qruplaşmasının sıravi üzvləri həmin pasportla bir neçə sərhəd keçir, təbii olaraq pasportda möhürlərin sayı artır. Buna paralel olaraq şübhələr də azalır. Ondan sonra qruplaşma liderləri yalnız foto və şəxsi məlumatları dəyişməklə artıq "sınaqdan çıxmış” pasportdan rahatlıqla istifadə edir.