Dünya birliyi Türkiyə ilə Rusiya arasında yaranan uçurumun dərinliyini dərk etməli, o üzdən də iki ölkə arasında münasibətlərin tezliklə düzələcəyinə ümid etməməlidir. Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə "The Japan News” qəzeti yazır.
Yazı müəllifinin fikrincə, Putinin böyük dövlətin rəhbəri olaraq geriyə addım atmağı heysiyyətinə sığışdırmır, Ərdoğan isə Suriyanın vaxtilə Osmanlı İmperiyasının tərkibində olması səbəbindən burada özünü daha çox söz sahibi hesab edir. O üzdən də müəllif Moskva ilə Ankara arasında "soyuq müharibə”nin hələ uzun sürəcəyini, bu fonda isə Rusiya-İran münasibətlərinin möhkəmlənəcəyini bildirir. "Bu gərginlik yalnız iki ölkə arasında qalsaydı kompromis axtarmaq olardı. Lakin məsələ burasındadır ki, ortada Suriya münaqişəsi var və hazırkı Türkiyə - Rusiya gərginliyi regionda "postmodern müharibə”ni körükləyir. Üstəlik burada bir İŞİD faktoru da var” – deyə nəşr yazır. Yazı müəllifi situasiyanın gərginləşməsində ABŞ prezidenti Barak Obamanı da suçlayır. Onun fikrincə, Obama regiona soyuq davranışı ilə bu problemin həllini dolayısı ilə Putinə həvalə edib və Obamadan fərqli olaraq o buna hazır görünür.
Bununla belə, yazıda Ərdoğanla Putinin nəhayət inadı kənara qoyub ağıllı davranacağına və real təhlükə qarşısında birləşəcəyinə inam ifadə olunur.