Rabitə və Yüksək Texnologiyalar Nazirliyində struktur islahatları davam edir. APA-nın əldə etdiyi məlumata görə, son bir həftə ərzində nazirliyə məxsus "Azərpoçt" MMC-nin 18 nəfər əməkdaşı işdən azad edilib.
Bu şəxslərin əksəriyyəti ilə vaxtı başa çatmış müqavilələr yenilənməyib.
Eyni zamanda nazirliyin "Rabitə dünyası" qəzetinin də fəaliyyəti dayandırılıb. Qəzetdə çalışanların əksəriyyəti ilə də müqavilələr yenilənməyib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) rəsmi mətbu orqanı olan "Rabitə dünyası" qəzeti yeni formatda və daha geniş auditoriyanı əhatə edən jurnalla əvəz olunacaq. Bu barədə isə "Report"a RYTN-in mətbuat xidmətindən məlumat verilib.
"Məqsəd İKT-yə aid yeniliklərin müasir kommunikasiya vasitələri ilə daha innovativ üsullarla çevik şəkildə auditoriyaya çatdırılmasıdır. O cümlədən, Nazirliyin fəaliyyəti ilə bağlı bütün məlumatlar mütəmadi olaraq www.mincom.gov.az rəsmi portalı və www.ictnews.az elektron xəbər xidməti vasitəsi ilə ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda, Nazirliyin mətbu orqanı olan "Rabitə dünyası" qəzeti yeni formatda və daha geniş auditoriyanı əhatə edən jurnalla əvəz olunacaq", - deyə Nazirliyin mətbuat xidmətindən bildirilib.