Hikmət Əlizadə: “Vaxtilə Azərbaycanda 478 min hektarlıq xüsusi mühafizə olunan ərazi olub, indisə bu rəqəm 893 minə çatıb”
Bioloji müxtəliflik Yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Ölkəmizdə son illər ekoloji vəziyyətin, o cümlədən bioloji müxtəlifliyin problemləri həlli vacib olan prioritet məsələ kimi müəyyən edilib və bu sahədə ciddi səylər göstərilir. Bu problemlərin həlli istiqamətində xeyli iş görülüb və görülməkdə davam edir.
Məlumat üçün bildirək ki, 2000-ci il dekabrın 20-də BMT Baş Assambleyasının qəbul etdiyi 55/201 nömrəli qətnaməyə əsasən, 22 may tarixi Bioloji müxtəliflik üzrə Konvensiyanın qəbul olunması, həmçinin, “Beynəlxalq bioloji müxtəliflik günü” elan edilib. Əvvəllər isə 19 dekabr 1994-cü il tarixli, 44/119 nömrəli qətnamə ilə həmin gün dekabrın 29-da qeyd olunurdu.
Dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000-ci ildə qoşulub. Konvensiyanın təməl prinsiplərinə uyğun olaraq, respublika ərazisində bioloji müxtəlifliyin qorunması ilə bağlı xüsusi mühafizə olunan təbiət ərazilərinin mövcud şəbəkəsi genişləndirilib, yeni milli parklar, dövlət təbiət qoruqları yaradılıb, xüsusi mühafizə olunan təbiət ərazilərində mühafizə rejiminin gücləndirilməsi, bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Bu günün qeyd edilməsində əsas məqsəd dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltməkdir.
Xatırladaq ki, hazırda ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, o cümlədən, milli parklar 3,7 faizini təşkil edir.
Son illər Azərbaycanda biomüxtəlifliyin qorunması istiqamətində nə kimi işlər görülüb?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, biomüxtəlifliyin mühafizəsində xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılması müsbət işdir: “Məlumat üçün bildirim ki, vaxtilə Azərbaycanda 478 min hektarlıq xüsusi mühafizə olunan ərazi olub. İndisə bu, 893 minə çatıb. 9 milli park, 11 dövlət təbiət qoruğu, 24 yasaqlıq fəaliyyət göstərir. Bu səbəbdən də ən effektiv iş xüsusi mühafizə olunan ərazilərin yaradılmasıdır. Eyni zamanda, “Qırmızı kitab”a nadir və nəsli kəsilməkdə olan növlərin qeydiyyatı aparılır. Bu proses mütəmadi olaraq Azərbaycanda yenilənir. Bu əraziyə düşən heyvan və quşlar da xüsusi mühafizə altına alınır. Onların ovlanması qadağandır. Qanunsuz ovlandıqda isə yüksək məbləğdə cərimələr tətbiq olunur”.
Həmsöhbətimizin sözlərinə görə, biomüxtəlifliyin mühafizəsi istiqamətində maarifləndirmə-təbliğat komponenti mühümdür: “İstənilən yaşda olan insan təbiətin mühafizəsi, onun keşiyində dayanmaq, bioloji müxtəlifliyi qorumaq ruhunda yaşamalıdır. Hər bir şəxs təbiətin və bioloji müxtəlifliyin mühafizəsi istiqamətində işlər görməlidir. Onun dağılmasına, məhv olmasına səbəb olan işlərdən çəkinmək lazımdır. Bu əməlləri edənlər isə ictimai qınağa məruz qoyulmalıdır. İctimai qınaq olduqca vacibdir. Etiraf edək ki, hər bir vətəndaşın borcudur ki, təbiəti, bioloji müxtəlifliyi mühafizə etsin. Belə olarsa, biz yüksək nəticələr əldə edə bilərik”.
Günel CƏLİLOVA