Davud Rəhimli: “Burada əlilliyi olan şəxslərin həm iştirakçılığının, həm də məşğulluğunun təşkili və başqa sahələrdə iştirakının hüquqi təminatları göstərilir”
Azərbaycanda əlillərin qeyri-hökumət təşkilatlarında (QHT) fəaliyyətinə məhdudiyyət qoyulmaması təklif edilir. Bununla bağlı məqamlar yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsində əksini tapıb. Belə ki, sözügedən qanunun 33-cü (siyasi və ictimai həyatda iştirak) maddəsinin 3-cü bəndinə əsasən, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin təşkilatların fəaliyyətində əlilliyi olan şəxslərin iştirakını məhdudlaşdırmamalıdır.
Qanun layihəsi Milli Məclisin Sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Qeyd edək ki, bu məsələ hazırda tətbiq olunan qanunun 15 (Siyasi və ictimai həyatda müyəssərlik) maddəsi ilə tənzimlənir. Maddənin 4-cü bəndinə əsasən, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, həmkarlar ittifaqlarının nizamnamələri həmin qurumların fəaliyyətində əlillərin sərbəst iştirakına təminat verməlidir. Burada məhdudiyyətin qoyulmaması məsələsi əksini tapmayıb. Yeni hazırlanan qanun layihəsi isə bunu tənzimləyir.
Ümumilikdə, Azərbaycanda əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi ilə bağlı zaman-zaman kompleks tədbirlər görülür. Bunlardan biri də mövcud qanunvericiliyin təkmilləşdirilməsidir. Belə ki, əvvəlki illərlə müqayisədə bu sahədə əhəmiyyətli dərəcədə irəliləyiş var. Bu baxımdan son yeniliyi ekspertlər necə dəyərləndirirlər? Məsələyə münasibət bildirən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli sözügedən yeniliklərə ümumən müsbət yanaşdı: “Yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi BMT-nin əlilliyi olan şəxslər barəsində Konvensiyası ratifikasiya olunandan sonra işçi qrupu tərəfindən hazırlanıb. Eyni zamanda, bu qanun layihəsi müxtəlif hökumət strukturlarının ekspertiza rəyini alıb. Bununla yanaşı, beynəlxalq ekspertizadan keçib. Hazırda Milli Məclisə təqdim olunub və müzakirələri gedir. Burada əlilliyi olan şəxslərin həm iştirakçılığının, həm də məşğulluğunun təşkili və başqa sahələrdə iştirakının hüquqi təminatları göstərilir. Bu da çox mühüm aspektlərdən biridir. Yəqin ki, parlamentdə qanun qəbul olunduqdan sonra artıq onun icra olunması üçün konkret icra strukturları, orqanlar olacaq. Müəyyən normativ-hüquqi sənədlər də ona dəstək olacaq. Bütün hallarda, yeni qanun layihəsi əvvəlki qanundan xeyli fərqlidir. Məsələ ondadır ki, yeni qanun layihəsində hüquqi aspektlərə daha çox yer verilir. Ümumilikdə, istənilən qanun qəbul olunduqdan sonra zaman keçdikcə dəyişikliklərə məruz qalır. Bu da təbiidir. Ona görə ki, bu tələbatdan irəli gəlir. Əsas məsələ odur ki, qəbul olunan qanunun icra mexanizmi hazırlansın və qanun işlək olsun. Yəni, sadəcə, kağız parçası olmasın. Yeni hazırlanan qanun bir sıra tələblərə tam cavab verir. Gələcəkdə zərurət yaranarsa, o zaman qanun yenilənəcək. Yəni tələbata uyğun dəyişikliklər olacaq. Hesab edirəm ki, yeni qanun qüvvəyə mindikdən sonra əlilliyi olan şəxslərin bir sıra problemlərinin həllinə, o cümlədən onların məşğulluğunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək”.
Vidadi ORDAHALLI