Kamran Əsədov: “Uşaqların məktəbəqədər biliklərini normal səviyyəyə çatdırmaq üçün uşaq bağçalarının şəbəkəsini genişləndirmək vacibdir”
Məlum olduğu kimi, Azərbaycan Nazirlər Kabineti “Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası”nı təsdiq edib. Qaydaya əsasən, uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu məsələləri tənzimlənəcək. Sənəddə qeyd olunur ki, məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər.
Məktəbəqədər təhsil müəssisəsinin uşaqlarla komplektləşdirilməsi zamanı uşaq kontingenti məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun formalaşdırılır. Belə ki, körpələr evi - 1 yaşdan 3 yaşadək, körpələr evi-uşaq bağçası - 1 yaşdan 6 yaşadək, uşaq bağçası - 3 yaşdan 6 yaşadək nəzərdə tutulub.
Qrupların komplektləşdirilməsi hər ilin may ayından başlayaraq sentyabr ayınadək, uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu iyunun 1-dən avqustun 31-dək həyata keçirilir, boş yerlərə qəbul isə il ərzində aparılır. Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu üçün tələb olunan sənədlərə gəlincə, müəssisənin müdirinin adına ərizə (ərizənin nümunəsi əlavə olunur), valideynin və ya digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti, uşaqların mübadilə vərəqəsi, uşağın doğum haqqında şəhadətnaməsinin surəti, uşağın 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli, uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış lazımdır.
Məktəbəqədər təhsil müəssisəsində yalnız boş yer olmadığı halda, uşaqların müəssisəyə qəbul edilməsindən imtina oluna bilər. Əks halda, uşağın məktəbəqədər təhsil müəssisəsinə qəbul edilməsindən imtina olunması valideynə və ya digər qanuni nümayəndəyə bu barədə təsisçiyə şikayət etmək hüququ verir. Sağlamlıq imkanları məhdud olan uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu və onların orada qalma müddətinin müəyyənləşdirilməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən həyata keçirilir. Dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsil alan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.
Bağçalara uşaqların qəbulu ilə bağlı edilən dəyişikliklərə münasibət bildirən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, bu gün bir çox rayonlarda bağçaya cəlb olunan uşaqların ümumi sayı həmin yaş kateqoriyasına aid olan uşaqların cəmi bir faizini təşkil edir: "Məsələn, ucqar rayonlarda çox az uşaq bağçaya gedə bilir. Təbii ki, uşaqların məktəbəqədər biliklərini normal səviyyəyə çatdırmaq üçün uşaq bağçalarının şəbəkəsini genişləndirmək vacibdir. Lakin elə bir imkan yoxdur ki, hər bir uşaq ayrıca uşaq bağçasına cəlb olunsun. İndiyə kimi dövlət və özəl bağçalar var idisə, gələcəkdə bələdiyyə, özəl ailə uşaq bağçaları da olacaq. Məsələn, ailə bağçalarının yaradılmasının əsas məqsədi bütün təbəqələr üçün şərait yaratmaqdır. Ümumi uşaq bağçalarında uşaqların təhsil müddəti iki yaşdan 6 yaşa qədərdirsə, ailə uşaq bağçalarında bu müddət bir qədər qısa olacaq. Yəni bu tip bağçalar daha azyaşlı uşaqlar üçün nəzərdə tutulur. Lakin bir məsələ var ki, məktəbəqədər təhsil sahəsində peşəkar kadr çatışmazlığı mövcuddur. Bu gün məktəbəqədər təhsil müəssisələrində kadrların heç də hamısı bu ixtisas üzrə ali təhsil almayıb. Digər tərəfdən, ali məktəbləri bu ixtisas üzrə bitirən şəxslər ixtisasları üzrə təhsillərini davam etdirmir və bu sahə üzrə işlə təmin olunmurlar. Nəticədə bu kimi məsələlər məktəbəqədər təhsil sahəsində keyfiyyətə mənfi təsir göstərir”.
Günel CƏLİLOVA