Son bir ay ərzində Azərbaycanda iki tələbə qız intihar edib. İntihar edənlərdən biri yanvarın 8-də, digəri isə fevralın 8-də canlarına qıyıb.
Yanvarın 8-də Sumqayıt Dövlət Universitetinin pedaqoji fakültəsində ibtidai sinif müəllimi ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi, Abşeron rayonu, Saray qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Rumiyə Elşən qızı Qasımova özünü Sumqayıt şəhəri ərazisində dənizə atıb. Tələbə qızın meyiti bir gün sonra dənizdən tapılıb.
Digər bir intihar hadisəsi isə Bakı şəhərində baş verib. Azərbaycan Kooperasiya Universitetinin tələbəsi, 23 yaşlı Nigar Vahabovanın fevralın 8-i saat 19 radələrində yaşadığı Yeni Yasamal 2, bina 5 ünvanında meyiti aşkar edilib. İlkin ehtimala görə, o intihar edib.
Tələbə qızların intiharını bəzi yanaşmalarda sosial sıxıntı, maddi çətinliklə əlaqələndirilir. Ekspertlər isə intiharın psixoloji problemlə əlaqəli olduğunu iddia edirlər.
Hüquqşünas Sahib Məmmədov iddia edir ki, gənc qızların intiharı onların psixoloji gərginliyi ilə əlaqəlidir. Ekspert bildirir ki, intiharların əsas səbəbinin maddi çətinlik olması inandırıcı deyil: "Bu məsələdə sosial-iqtisadi aspekt əsas rol oynamır. İntihar əsasən psixoloji problemlərlə əlaqəlidir. Bunu bəziləri insanların guya sosial problemlərinin artması ilə əsaslandırırlar. Mən bu fikrin tam əleyhinəyəm".