"Azərbaycanda özəl klinikaların qorunması, onların fəaliyyətinə dəstək verilməsi ilə bağlı qanunvericiliyə, xüsusilə Vergilər Məcəlləsinə dəyişikliklər edilməlidir". Trend-in məlumatına görə, bunu deputat Musa Quliyev Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxışı zaman deyib.
M.Quliyevin sözlərinə görə, çox təəssüflər olsun ki, bu gün ölkədə özəl klinikalara mənfi - allergik bir münasibət var: "Özəl klinikalar deyəndə, az qala, çoxu bunu soyğunçu kimi başa düşür. Amma əslində belə deyil”.
Deputat bildirib ki, özəl klinikalarda çox gözəl tibb mütəxəssisləri, tibbi personal var, onların əməyini yerə vurmaq olmaz: "Əksinə, indiki şəraitdə həmin kilinikaları qorumaq lazımdır. Bunun üçün də qanunvericiliyə, xüsusilə Vergilər Məcəlləsinə dəyişiklik yolu ilə həmin özəl kliniklara dəstək olmalıyıq. Özəl klinikalar kifayət qədər bahalı maddi-texniki bazaya malikdir, əgər onları indi qorumasaq, sonra əldə edə bilməyəcəyik".
"Deputat seçildiyim Gəncə şəhərində özəl klinikalar həftədə bir gün Qarabağ əlilləri və şəhid ailələrinin müayinəsini pulsuz həyata keçirməyə başlayıb. Onlar hətta imkan olacağı təqdirdə, ayda bir dəfə pulsuz müalicə də təşkil etmək niyyətindədirlər” –Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, bu təşəbbüsün Bakıda və digər regionlarda fəaliyyət göstərən klinikalar tərəfindən də həyata keçirilməsi çox müsbət addım olar: "Çünki indiki vəziyyətdə hər bir müəssisə öz sosial məsuliyyətini də başa düşməlidir”.
İclasda çıxış edən digər deputatlar da bu təşəbbüsü dəstəkləyib və klinikaların bu cür addım atmasını məqsədəuyğun hesab ediblər.