Azərbaycanda gələcəkdə qəbul imtahanı yalnız yüksək müsabiqə vəziyyəti yaranan ixtisaslara qəbul olmaq üçün keçirilə bilər.
Bunu Trend-ə müsahibəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə kolleclərə və ali məktəblərin bəzi ixtisaslarına tələbə qəbulunun vahid imtahan modeli - buraxılış imtahanlarının nəticələri əsasında aparılmasının gələcəkdə qəbul imtahanlarının ümumiyyətlə ləğv olunmasına, qəbulun buraxılış imtahanlarının nəticələri əsasında aparılmasına səbəb olub-olmayacağına aydınlıq gətirərkən deyib.
Komissiya sədri qeyd edib ki, gələcəkdə tələbə qəbulunun əsasən buraxılış imtahanlarının nəticələri əsasında aparılmasını istəyirlər: "Ola bilsin ki, dövlət sifarişli yerlərə və müsabiqə vəziyyəti çox yüksək olan hansısa xüsusi ixtisaslara qəbul olmaq üçün qəbul imtahanı keçiriləcək. Amma yüksək müsabiqə vəziyyəti yaranmayan ixtisaslara qəbul buraxılış imtahanının nəticələri əsasında aparıla bilər”.
M.Abbaszadə bildirib ki, həmin ixtisaslara qəbula görə buraxılış imtahanının nəticələrinin nəzərə alınması üçün buraxılış imtahanlarının heç olmasa 5 fənn üzrə keçirilməsi lazımdır. Bunu isə birdən-birə etmək olmaz. Fənlərin sayı tədricən artırılmalıdır: "Ola bilsin ki, 1 ildən sonra buraxılış imtahan fənlərinin sayı 4 olsun. Onda müəyyən ixtisaslara 4 fənnin nəticələri əsasında qəbul aparmaq mümkün olar. Amma bunların da hansı ixtisaslar ola biləcəyini hələ demək mümkün deyil. Bu, bəlkə də daha çox tələbə cəlb etmək istədiyimiz kənd təsərrüfatı ixtisasları olacaq”.