Sakinlər bildiriblər ki, Hüseyniyyə məscidi Nardaran ziyarətgahının axundu Hacı Nuhbala Rəhimovun həbsindən sonra bağlanılıb. Məlumata görə, özünü "Müsəlman birliyi hərəkatı” adlandıran qurumun üzvləri bu məsciddə namaz qılırmış.
Xatırladaq ki, Nardarandakı Rəhimə xanım ziyarətgahının axundu Hacı Nuhbala Rəhimov bir neçə gün öncə Nardaran hadisələrində təqsirli bilinərək Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində Sabunçu rayon Məhkəməsinin qərarı ilə 12 sutkalıq həbs qətimkan tədbiri seçilib.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Nardarandakı Rəhimə Xanım ziyarətgah-məscidinin həbs olunan axundu Nuhbala Rəhimov və bağlanan "Hüseyniyyə” məscidi ilə bağlı açıqlama yayıb.
Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir ki, din xadimi kimi təqdim olunan N. Rəhimov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş hər hansı dini icmanın rəhbəri deyil: "Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsindən Dövlət Komitəsinə verilən məlumata əsasən, N. Rəhimovun din xadimi kimi də rəsmi təyinatı yoxdur. Dini icması Dövlət Komitəsində qeydiyyatdan keçməmiş "Hüseyniyyə” məscidinin bağlanması barədə məlumata gəlincə, bildiririk ki, ümumiyyətlə Nardarandakı ibadət evlərinin fəaliyyətinə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən heç bir müdaxilə edilməyib".