Azərbaycanda siflis xəstəliyinin aşkarlandığı 183 nəfərin təkrar müayinə olunması üçün onların adları Respublika QİÇS-lə Mübarizə Mərkəzinə və dəri-zöhrəvi xəstəliklərlə məşğul olan mərkəzlərə göndərilib. Bunu Trend-ə açıqlamasında B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Onun sözlərinə görə, onlar mütləq daha bir müayinədən keçməlidirlər: "İnfeksiyanın olub-olmadığını daha dəqiq bilmək üçün ikinci analizə ehtiyac var. Çünki bir analizlə infeksiyanı müəyyən etmək olmur və ikinci analiz mütləq lazımdır. İlkin araşdırmalarımız zamanı aşkarladığımız xəstələrin əksəriyyəti oğlanlardır. Onların içərisində 4 və ya 5 qadın var. Əslində bu çox böyük rəqəm deyil”.
İnstitutun direktoru sifilis xəstələri ilə yanaşı, bu ilin 6 ayı ərzində nikaha girməzdən öncə 75 000 insanın müayinədən keçdiyini qeyd edib və bildirib ki, onlardan 5034-də talassemiya daşıyıcıları aşkarlanıb.