"Nardaranda olan məscidlər dövlət qeydiyyatından keçməyib”. APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M. Qurbanlı bildirib ki, bu məscidlər də qeydiyyatdan keçməlidir: "Məscidlərin qeydiyyat üçün sənədləri hazırlanmalı, bu məscidlərin ətrafında dini icmalar yaradılmalı, həmin məscidlər rəsmi şəkildə fəaliyyət göstərməlidir. Dövlət qeydiyyatına alındıqdan sonra o məscidlərə Qafqaz Müsəlmanları İdarəsinin təyinatı ilə axundlar göndərilməlidir. Bundan sonra həmin məscidlərdə dini mərasimlər keçirilməsi tam qanuna uyğun olmalıdır. Çox təəssüf ki, indiyə qədər Nardaranda həmin məscidlərin qeydiyyatı, dini icmaların yaradılması ilə bağlı çağırışlarımıza, təşəbbüslərimizə adekvat cavablar verilməyib”.