Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri üzrə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun iştirakı ilə tədbir keçirib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitənin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, bütün rayonlarda yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Onun sözlərinə görə, gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi kimi funksiyalara malikdirlər. S. Qəhrəmanova erkən nikah faktlarına qarşı mübarizənin əhəmiyyətini vurğulayaraq, bu məsələ ilə bağlı 500-ə yaxın fakt aşkarlandığını qeyd edib: "Erkən nikahlar əsasən Bakı kəndlərinə qeydə alınır. Bu faktlarla bağlı 35 cinayət işi açılıb".