Bu il dekabrın 31-də Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq. Bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının Texniki şöbəsinin müdiri İsa Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan bununla bağlı üzərinə öhdəlik götürüb.
İ.Məmmədov rəqəmli yayıma keçidin uzanması məsələsinə də aydınlıq gətirib: "Azərbaycan ərazisinin böyük hissəsi rəqəmli televiziya yayımı ilə təmin olunub. Lakin rəqəmli yayımla paralel olaraq analoq yayım da tətbiq olunub. Çünki bəzi yerlər var ki, orada vətəndaşlar rəqəmli yayımdan istifadə edə bilmirlər. Buna görə də biz analoq yayımın vaxtını uzatmağa məcbur olduq. Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı qarşısında öhdəliyinə görə, bu ilin sonunda analoq yayımı tamamilə dayandırmalıyıq”.