Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polsi İdarəsində sosial şəbəkələrdə yayılan "Bakıda ordu zabiti ilə yol polisi əlbəyaxa oldu” adlı videogörüntüyə baxılıb. Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, məsələ ilə bağlı bəzi məqamlar aydınlaşdırılıb.
Müəyyən olunub ki, qeyd olunan ərazidə yol polisi ilə sürücü arasında yaranan narazılıq dayanma-durma, parklama qaydalarının pozulması ilə bağlı olub: "Sürücü, yaxud ordu zabitinin yol polisi ilə aralarında yaranan narazılıqla bağlı görüntülərdən açıq-aşkar görünür ki, "əlbəyaxa” münaqişə yaranmayıb. Yol polisi əməkdaşı ilə qeyd edilən ordu zabitinin "əlbəyaxa” olması ilə bağlı iddia öz təsdiqini tapmır. Görüntülər əsasında deyilənlər həqiqəti əks etdirmir, yol polisinin xidməti fəaliyyətinə kölgə salır, baş verən hadisənin əsl mahiyyətini əks etdirmir".