Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) 2015-ci ilin 9 ayı ərzində respublikada baş verən fövqəladə hadisələrin statistikasını açıqlayıb.
FHN-dən APA-ya verilən məlumata görə, 2015-ci ilin 9 ayında respublikada 26 partlayış hadisəsi qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə və ya 24% çoxdur. Partlayışlar zamanı 6 nəfər ölüb, 31 nəfər xəsarət alıb.
Hesabat dövründə baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq, 12111 çıxış edilib. Yanğın hadisələri zamanı 55 nəfər həlak olub, 133 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 16 nəfər və ya 41%, xəsarət alanlar üzrə 51 nəfər və ya 62% çoxdur.
2015-ci ilin 9 ayı ərzində respublika ərazisində 12229 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2398 hadisə və ya 24% çoxdur.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 61 nəfər həlak olub, 164 nəfər xəsarət alıb.