Nazir Emin Əmrullayevin "Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq" şəhər infrastrukturundakı sıxlığın tənzimlənməsi və regionların inkişafı baxımından müəyyən qədər anlaşılandır. Lakin bu yanaşma yalnız say məhdudiyyəti ilə deyil, həm də keyfiyyətin yüksəldilməsi, regionlarda ali təhsilin gücləndirilməsi və tələbələr üçün bərabər imkanların yaradılması ilə paralel aparılmalıdır.
Bu məqamda xüsusilə bu sual düşünməyə vadar edir: məqsəd sadəcə rəqəmləri azaltmaqdır, yoxsa ali təhsilin keyfiyyətini yüksəltmək? Bu məsələ təkcə Bakıdakı sıxlığın azaldılması deyil, yəqinki həm də ali təhsilin gələcək inkişaf modeli ilə bağlı olmalıdır. Məncə, nazirin səsləndirdiyi fikir müəyyən mənada müsbət yanaşmadır, lakin bu siyasətin əsas meyarı yalnız tələbə sayının azaldılması deyil, keyfiyyət göstəriciləri olmalıdır. Digər tərəfdən, əgər tələbə qəbulu azaldılırsa, bu proses bütün universitetlərə eyni şəkildə tətbiq edilməməlidir. Əksinə, qərarlar konkret nəticələrə, məzunların uğurlarına və əmək bazarındakı göstəricilərinə əsaslanmalıdır. Məsələn, ingilis dili müəllimliyi ixtisası üzrə Azərbaycan Dillər Universitetinin məzunları MİQ və sertifikasiya imtahanlarında daha yüksək nəticələr göstərir, əmək bazarında rəqabətədavamlı kadr kimi seçilirlərsə, bu istiqamətdə qəbulun məhz həmin universitetdə məhdudlaşdırılması nə dərəcədə məqsədəuyğundur? Deməli, həmin ixtisası təşkil edən digər təhsil müəssisələrində qəbul planı dayandırılmalıdır. Eyni yanaşmanı BDU-dakı, UNEC-dəki ixtisaslara da tətbiq etmək olar. Azərbaycan dili və ədəbiyyatı, hüquq, tarix, maliyyə və kredit və s. digər sahələr üzrə daha yüksək nəticə göstərən ali təhsil müəssisələri müəyyənləşdirilməli, dövlət sifarişi və qəbul planları məhz bu göstəricilər əsasında formalaşdırılmalıdır. Ali təhsildə əsas meyar bina, yerləşmə və ya tələbə sayı deyil, nəticə olmalıdır. Hansı universitet daha keyfiyyətli məzun hazırlayır? Hansı məzun əmək bazarında daha tez iş tapır? Hansı ali məktəbin məzunları beynəlxalq və milli imtahanlarda daha yüksək nəticə göstərirlər? Məhz bu suallar cavablandırılmalıdır. Əks halda, yalnız kəmiyyəti azaltmaqla problemi həll etmiş olmayacağıq. Əgər on il sonra on zəif kadr bir peşəkarın gördüyü işi görə bilməyəcəksə, onda sadəcə statistik rəqəmləri dəyişmiş olacağıq. Bu gün Azərbaycanda ali təhsilin qarşısında duran əsas vəzifə tələbələrin sayını azaltmaq deyil, keyfiyyət mərkəzli universitet modelini formalaşdırmaqdır. Qəbul planları, dövlət sifarişləri və maliyyələşmə mexanizmləri məzunların uğurlarına, elmi fəaliyyətə, əmək bazarına inteqrasiyaya və tədrisin keyfiyyətinə əsaslanmalıdır. Çünki gələcəyin güclü ölkəsi çox sayda diplomlu insanlarla deyil, yüksək ixtisaslı və rəqabətədavamlı mütəxəssislərlə qurulur.
Vüsalə AĞABƏYLİ Filologiya elmləri doktoru, professor