İlqar Hüseynli: “İndiki binalar Dubay stilində hazırlandığı üçün şüşələrin təmiz saxlanması heç də asan məsələ deyil”
Məlum olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi inzibati binasında təmizlik, fasad şüşələrinin yuyulmasına 247 min 970 manat xərcləyəcək. Qurum müvafiq işlərin həyata keçirilməsi üçün tender elan edib və podratçı təşkilat axtarışındadır.
Qeyd edək ki, bir sıra qurumlar bu kimi xidmətlərə yüksək məbləğdə vəsait ayırır. Bu kimi halların yaşanmaması üçün öncədən nə kimi tədbirlər görmək olar? Ümumiyyətlə, izafi xərc tələb edən bu cür binaların tikilməsi vacibdirmi?
“İndi dövlət qurumları daha böyük, göstərişli binalara köçüb, orda fəaliyyət göstərməyə üstünlük verir, bu isə izafi xərc tələb edir”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əvvəllər bütün nazirliklər, dövlət qurumları, komitələr çox da böyük olmayan binalarda yerləşirdi: “Həmin binaların fasadının, şüşələrinin təmiz saxlanması üçün çox da böyük məbləğə ehtiyac qalmırdı. Bir neçə dövlət qurumu, demək olar ki, Hökumət Evinin binasında yerləşirdi və işlərini də rahat şəkildə ordan da idarə edirdilər. Ancaq indi vəziyyət dəyişib. Dövlət qurumları daha böyük, göstərişli binalara köçüb, orda fəaliyyət göstərirlər. Qonşu Türkiyə ilə müqayisə aparanda görərik ki, ordakı dövlət qurumları, komitələr olduqca kiçik, yığcam, böyük məsrəf tələb etməyən binalarda, ofislərdə fəaliyyət göstərir. Ancaq bizdə isə bütün sahələrdə olduğu kimi, burda da göstəriş önəmli sayılıb. Həmin binaların təmiz saxlanması üçün isə dövlət büdcəsindən kifayət qədər böyük məbləğ silinir. Bununla yanaşı, indiki binalar Dubay stilində hazırlandığı üçün şüşələrin təmiz saxlanması heç də asan məsələ deyil. Məlumdur ki, Bakı tozlu, küləkli şəhərdi. Bu səbəbdən şüşə fəsadlar tez-tez çirklənir, onların təmiz saxlanması isə vəsait tələb edir. Xərcləri azaltmaq üçün artıq biz gecikmişik. Ola bilər ki, binaların təmizlənməsi üçün rəqəmlər müəyyən mənada şişirdilə bilər, ancaq bu cür hündür, fəsadı şüşələrdən olan binaların yuyulub, təmizlənməsi heç də asan məsələ deyil. Çünki o binalar hündürmərtəbəli olduğu üçün şirkətlər risqi nəzərə alıb, onun qarşılığında ödəniş tələb edirlər”.
Günel CƏLİLOVA