Hüseyn Axundov: “Mediasiya Şurası boşanmaların qarşısını alıb, elə cütlüklər var ki, boşanmaq üçün mediatora müraciət edib, lakin barışaraq ordan ayrılıblar”
Azərbaycanda son zamanlar boşanma sayı gün keçdikcə artmağa başlayıb. Çox zaman boşanmalar qısqanclıqlar, xəyanət üstündə və yaxud tərəflər arasında baş verən anlaşılmazlıqlar səbəbindən gerçəkləşir. Nəticədə, boşanma prosesi tərəflər arasında gərginliyə də səbəb olur.
Məlumat üçün bildirək ki, 2024-cü ildə Azərbaycanda 21 384 boşanma qeydə alınıb. Bu, orta hesabla günə 59 boşanma aktı deməkdir.
Qeyd edək ki, 2019-cu il dekabrın 2-də Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında fərmanına və “Mediasiya haqqında” qanuna uyğun olaraq Mediasiya Şurası təsis edilib. Şuranın yaradılmasında məqsədlərdən biri də boşanmaya gedən cütlüyün mübahisələrinin qarşısını almaq, məhkəməyə qədər həllinin alternativ üsullarının təkmilləşdirilməsindən ibarətdir. Həmçinin hər iki şəxsin ortaq istəyinə və tələbinə uyğun addım atmaqla onları barışdırmaqdır.
Qeyd etdiyimiz kimi, boşanmaların sayı günü-gündən artır. Maraqlıdır, mediatorlar boşanmaya mane olur?
“Mediator isə hər hansı bir tərəfin mediatoru deyil, mediasiya prosesini aparan şəxs olaraq, müstəqil və qərəzsiz olmalıdır”
Hüquqşunas Hüseyn Axundov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, ailə münasibətlərindən irəli gələn, yəni nikahın pozulması, uşaqların hansı valideynin yanında saxlanılması, alimentin müəyyən olunması və digər ailədaxili mübahisələrdə mediatorun əsas işi tərəfləri ailəni dağıtmamağa yönəltməkdir: “Vəkil tərəflərin hüquq və mənafeyini müdafiə edən şəxsdir. Hər hansı dövlət orqanında, o cümlədən məhkəmədə, mediasiya sessiyasında tərəfləri təmsil və müdafiə edir. Mediator isə hər hansı bir tərəfin mediatoru deyil, mediasiya prosesini aparan şəxs olaraq, müstəqil və qərəzsiz olmalıdır. Mediator mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır.
Onu da deyim ki, mediasiya boşanma prosesinə bir sıra müsbət təsirlər göstərir və ənənəvi məhkəmə yoluna nisbətən daha az stresli, münasibətli və səmərəli bir həll yolu təqdim edir. Mediasiyanın boşanmalara təsiri bir neçə əsas istiqamətdə özünü göstərir. Sülh yolu ilə boşanma və stresin azalması. Mediasiya boşanma zamanı tərəflərin qarşılıqlı anlaşma yolu ilə ayrılmasına imkan yaradır. Bu, emosional gərginliyi azaltmağa kömək edir və boşanmanın daha sakit və sülhsevər bir mühitdə baş verməsinə şərait yaradır. Xüsusilə uşaqları olan ailələr üçün bu yanaşma gələcəkdə dostluq münasibətlərinin saxlanmasına imkan verir, çünki mediasiya prosesi qarşıdurma deyil, razılaşma və anlaşma üzərində qurulur. Nəzərə almaq lazımdır ki, boşanma prosesində uşaqlar tez-tez ən çox təsirlənən tərəf olur. Mediasiya isə valideynlərin uşaqlarla bağlı hüquq və vəzifələrini razılaşdırmasına və uşaqların mənafeyini qorumağa kömək edir. Bu yolla uşaqların həyatı minimum dəyişikliklərlə davam edə bilir və onların psixoloji sağlamlığı qorunur. Tərəflər öz istəklərini və ehtiyaclarını mediator vasitəsilə bildirir və məhkəmə qərarları olmadan uyğun bir həll yolu tapılır. Ümumiyyətlə, Mediasiya Şurası boşanmaların qarşısını alıb. Elə cütlüklər var ki, boşanmaq üçün mediatora müraciət edib, lakin barışaraq ordan ayrılıblar. Təsəvvür edin, bu şura yaranmasaydı boşanma sayı daha yüksək olardı”.
Günel CƏLİLOVA