Bakı məktəblərinin birində rus bölməsi üzrə şagirdlərin qəbulu zamanı müəllim 6 yaşlı uşağa müraciət edərək, Azərbaycan Respublikasının Bayrağını zibil qabına atmağı təklif edib. Şagird buna etiraz etmədən Bayrağı zibil qabına atıb. Bu hal dövlət rəmzlərinə hörmətsizlik kimi əsas götürülüb və şagird məktəbə qəbul edilməyib.
Maraqlıdır, 6 yaşlı uşağın belə testdən keçirilməsi nə dərəcədə düzgündür?
“Bəzən bu tip sualları ona görə verirlər ki, uşaqların böyük əksəriyyətini imtahandan kəssinlər, məktəbin plan yeri az, müraciət edənlərin sayı çox ola bilər”
Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 6 yaşlı uşağın belə testdən keçirilməsi düzgün deyil. Uşaq məktəbə qəbul edilən zaman onun yaşı nəzərə alınmalıdır: “Azyaşlı uşaqların dünyagörüşü, riyazi və dil bilikləri onların yaşına uyğun olaraq yoxlanıla bilər. Ümumiyyətlə, uşağa “bayrağı at” göstərişi vermək nə dərəcədə düzgündür? Uşağı qınayıb məktəbə qəbul etməyən müəllimin özü ilk növbədə dövlət atributuna hörmətsizlik edir. Bu məsələni araşdırmaq lazımdır. Bayrağımız dövlət atributudur. Əgər həqiqətən bu hadisə baş veribsə, bu, dövlətimizə qarşı ilk olaraq təhsil işçisinin etdiyi hörmətsizlikdir. İlk növbədə uşağa bu göstərişi verən müəllim məsuliyyətə cəlb edilməlidir”.
Ekspert hesab edir ki, azyaşlı şagirdin bilik və bacarığını yoxlamaq üçün müxtəlif üsullar var: “Uşağın yalnız şifahi nitq bacarıqları qiymətləndirilməlidir. Şagirdin özünüifadə imkanlarını yoxlamaq üçün onunla sadə ünsiyyət qurulmalıdır. Üstəlik, uşaq azyaşlı olduğu üçün müsahibədə valideynlə birgə iştirak etməlidir. Qeyd etdiyim kimi, imtahan sualları şagirdlərin yaş psixologiyasına uyğun olmalıdır. Təəssüf ki, bəzi liseylər şagirdlərin nəticələrini qeyri-məqbul etməkdən ötrü onların yaş xüsusiyyətinə və psixologiyasına uyğun olmayan suallar verirlər. Birmənalı şəkildə suallar başqa istiqamətdə qoyulmalıdır. Uşaqlar problemli situasiyadan çıxmalı, elmə yiyələnməlidirlər. Oxuma-yazma bacarığı olmayan, məktəbə getməyən uşaqda bu tipli düşüncəni yoxlamaq doğru yanaşma deyil. Əgər bu suallara şagird doğru cavab verərsə, onun məktəbə getməyinə ehtiyac yoxdur. Suallar həyatın içindəndir. Təhsilin məqsədi şagirdləri ali məktəbə hazılamaq yox, onlarda böhranlı və problemli vəziyyətdən çıxmaq bacarıqlarını formalaşdırmaqdır. Bu bacarıqlar məktəbə gələnə qədər şagirddə formalaşacaqsa, onda bizim məktəblərimiz nəyə lazımdır?
Bəzən bu tip sualları ona görə verirlər ki, uşaqların böyük əksəriyyətini imtahandan kəssinlər. Məktəbin plan yeri az, müraciət edənlərin sayı çox ola bilər. Amma sualları ədalətli etməliyik. Lisey və gimnaziyalar imtahan suallarını özləri müəyyənləşdirirlər. Ölkə üzrə vahid imtahan keçirilsə belə, bu imtahandan keçmiş şəxslər sonradan liseylərin daxili imtahanından da keçməlidirlər. İkinci imtahandan keçməsələr, həmin məktəbin şagirdi hesab edilmirlər. Bu, müəyyən qədər təhsilin əlçatanlığına mənfi təsir göstərə bilər”.
Günel CƏLİLOVA