Paytaxtda yaşayanların çoxu qəbir yerlərinin yerindən asılı olaraq neçəyə satılmasından xəbərdardır. Təbii ki, rəsmilər qəbir yerlərinin satılmasını etiraf etməsələr də, ölüsünü basdırmaq istəyən hər kəs qəbiristanlıqda belə açıq bazarla qarşılaşmalı olur.
Ümumiyyətlə, Bakıda son illərdə oturuşmuş bir “qəbir yeri bazarı” formalaşıb ki, artıq şəhər sakinlərinin əksəriyyəti ayrı-ayrı qəbiristanlıqlarda məzar yerinin qiymətindən də xəbərdardır.
Qeyri-rəsmi məlumatlara görə, Qurd qapısı qəbiristanlığı - 2000-3000 manat, Badamdar qəbiristanlığı - 800-2000 manat, Zabrat qəbiristanlığı - 500-700 manat, Maştağa qəbiristanlığı - 800-1000 manat, Hövsan qəbiristanlığı - 400-500 manat, Əmircan qəbiristanlığı - 300 manat (iki nəfərlik məzar yeri 500 manat), Bülbülə qəbiristanlığı - 150-200 manat, Günəşli qəbiristanlığı - 600-1500 manat, Xırdalan qəbiristanlığı - 800-2000 manatdır. Qiymətlərin daha da artacağı gözlənilir. Bu səbəbdən də bəzi vətəndaşlar çıxış yolunu ölüsünü həyətində dəfn etməkdə görür. Belə ki, artıq sosial şəbəkələrdə bununla bağlı vəkillərə, hüquq müdafiəçilərinə suallar ünvanlayırlar. Sosial şəbəkələrdə verilən "Rəhmətə getmiş şəxsi qəbiristanlıqda deyil, yaşamış olduğu evin həyətində dəfn etmək qanunla icazəlidirmi? Əgər belə bir hal olarsa, qanun pozuntusu hesab edilirmi?” kimi suallar böyük müzakirəyə yol açıb.
Maraqlıdır, vəfat edən şəxsi həyətində dəfn etmək olarmı?
“Müasir dövrdə insanların öz həyətində qəbir qazması düzgün deyil, hərə öz vəfat etmiş yaxınını həyətində dəfn edərsə…”
İlahiyyatçı Cəmşid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, şəriətə görə, qəbrin qəsb yerdə olmaması şərtdir: “Yəni kiminsə yerinin qəsb edilməsinə icazə verilmir və bu yerdə qəbir qazılması düzgün hesab edilmir. Hətta sonradan kiməsə məxsus olması bəlli olarsa və yer sahibi iddia edərsə ki, yer onundur, məzar ordan köçürülməlidir. O zaman hətta qəbrin açılmasına icazə verilir. Halbuki, şəriətdə qəbrin açılması haram buyrulub”.
Ilahiyyatçı hesab edir ki, qanunlar yol verdiyi halda istənilən yerdə qəbir qazmaq olar: “Qanuna hörmət həm də dinimizin tələbidir. Amma müasir dövrdə insanların öz həyətində qəbir qazması düzgün deyil. Hərə öz vəfat etmiş yaxınını həyətində dəfn edərsə, hamının həyəti qəbiristanlığa çevrilə bilər. Dinimizdə qəbiristanlıq anlayışı var. Yəni insanlara qəbirləri ziyarət etmək tövsiyə olunur. Bu səbəbdən də insanların bir yerdə dəfn olunması daha yaxşıdır, nəinki hərənin şəxsi həyətində. Dində bu qadağan olunmasa da, bəyənilən də deyil”.
Günel CƏLİLOVA