Unun kisəsi 27 manatdan 33 manata? - Un məhsullarını nə gözləyir...

img

Bir neçə gün öncə ölkəmizdə “A-92” markalı benzinin və dizel yanacağının qiyməti artıb. Bu da dəllalların əl-qolunun açmasına şərait yaradıb və nəticədə gündəlik tələbatda istifadə edilən bəzi qida məhsullarının qiymətində artım olub.

Belə ki, unun 1 kisəsinin qiyməti 27 manatdan 33 manata qalxıb. Maraqlıdır, məlum bahalaşmadan sonra un məhsullarının da qiyməti yüksələ bilərmi?

  • Elsevər Fərzəliyev: “Un məhsullarının istehsalına dövlət tərəfindən dəstək verilir, onu niyə bahalaşdırırlar?”

İqtisadiyyat Universitetinin dosenti Elsevər Fərzəliyev bildirdi ki, paytaxt marketlərində süni qiymət artımına rast gəlinir: “Məlumdur ki, hökumətin icazəsi olmadan hansısa qida şəbəkəsinin, marketin bunu etməyə ixtiyarı yoxdur. Ölkədə rəsmi olaraq qiymət artımı elan edilməyib. Xüsusi strateji əhəmiyyət kəsb edən məhsulların qiyməti artırılmamalıdır. Un məhsullarının istehsalına dövlət tərəfindən dəstək verilir. Onu niyə bahalaşdırırlar? Bəli, benzinin və dizel yanacağının qiyməti 10-20 qəpik artıb. Bu, ərzağın qiymətinin bahalaşması üçün əsas səbəb deyil”.

Həmsöhbətimiz hesab edir ki, ərzaq marketlərində reydlər aparılmalıdır. Ciddi şəkildə tapşırılmalıdır ki, unun qiymətini dəhşətli şəkildə şişirtməsinlər. Onlar benzinin qiymətini əsas gətirərək belə artımlar edirlər. Ancaq bu düzgün deyil.

  • Məmməd Qurbanov : “Əvvəl kisəsini 27 manata aldığımız un indi 32-33 manatdır

Çörək istehsalı ilə məşğul olan Məmməd Qurbanov bildirdi ki, yanacağın bahalaşması bilavasitə onların fəaliyyətinə ciddi təsir göstərir: “Biz unu böyük dəyirmanlardan alırıq, əsasən Bakıdan gətiririk. Qiymət artana qədər bir maşın unun Gəncəyə gətirilməsi 200 manata başa gəlirdisə, indi 250 manatdır. Sürücünü qınaya bilmərik, dizelin qiyməti 30 faizdən çox artıb. Əvvəl kisəsini 27 manata aldığımız un indi 32-33 manatdır. Amma biz çörəyin qiymətini özbaşına artıra bilmərik. Əvvəla bu qorxuludur, dərhal başımızın üstünü kəsib, süni qiymət artımında günahlandıraraq cərimələyəcəklər. İkincisi, qiyməti gərək bütün istehsalçılar eyni vaxtda qaldırsınlar, bu da mümkün deyil, biri razı olur, başqası qorxur”.

Günel CƏLİLOVA

Son xəbərlər