
Ötüb gedən 2020-ci il tariximizə zəfər ili kimi yazıldı. Belə ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz rəşadət göstərərək 44 günlük haqq savaşında 30 il düşmən tapdağında olan müqəddəs Vətən torpaqlarını azad etdi.
Qazanılan qələbədə Astara rayonu, Məscid məhəllə kəndində doğulub boya-başa çatan, könlü vətən sevdalı igid Ağanur Ağazadənin də zəhməti böyükdür. Ağanur müharibənin qaynar nöqtələrində erməni silahlı faşistlərinə sarsıdıcı zərbələr endirib. Füzulinin alınmasında isə döyüş meydanında dığalara ağır itkilər verməklə əsl qəhrəmanlıq salnaməsini yaradıb.
Ağanur Ağazadənin sadəliyi, mənəviyyatı, vətənpərvərliyi, saf düşüncəsi, dürüst amalı yetkinlik yaşlarında ona el-obanın hörmətini yaradıb. Onun sevdalandığı ali məqsəd millət, dövlət yolunda çalışmaq, yaxşı iş görmək idi. Səkkiz yaşında özünü idmanın karate, sonralar güləş növündə sınayır. Dəfələrlə zona, respublika yarışlarında ən yüksək pilləyə qalxır. Ağanırun əsgərlik həyatı da yaddaqalan keçir. Vətənə sadiq bir oğul kimi Aprel döyüşlərində mərdlik göstərərək fərqlənir. Və qazandığı uğur qəlbi vətən eşqi ilə döyünən Ağanırı hərbidə qalıb Qarabağ torpaqlarının müdafiəsinə vadar edir. Məqam yetişən an baş atıcı kimi əyninə cəngavər libası geyinib dığalara qan uddurur. Yaralı qartalımız deyir:
-Bizim hərbçilərin qoçaqlığı qarşısında düşmən tərəf tab gətirə bilmirdi. Gərgin döyüş zamanı düşmənin qoyub qaçdığı hərbi texnikanı - tankları, silahları ələ keçirirdik. Sonra isə bu silahlardan düşmənin özünə qarşı istifadə edirdik. Bu bizə xüsusi zövq verirdi. Təəssüf ki, müharibədə sonadək iştirak etmədən yaralandım. Düşmənin atdiği minadan sıçrayan qəlpələrdən başım, qollarım, iki ayağım zədələndi. Biləsuvarda sağ ayağımda 5 yerdən əməliyyat olunmuşam. Bakıda bir aydan çox hərbi hospitalda yatmışam. Ayağımda çoxlu qəlpələr var. Hələlik həkimlər bir söz demir. Hərbiyə geri qayıtmaq üçün yararsız olacağımdan yaman qorxuram. Axı uşaqlıqdan həyatımı bu şərəfli peşəyə bağlamağı arzulamışam...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü