Dövlət Gömrük Komitəsi tərəfindən Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə, ümumilikdə, dəyəri 7.6 milyon manatdan çox olan qeyri-ərzaq məhsulları, dərman preparatları və tibbi ləvazimatlar təhvil verilib.
Komitənin yaydığı məlumatda qeyd olunur ki, aksiya ötən ilin sentyabr ayının 28-dən etibarən Azərbaycan Respublikasının ərazisində hərbi vəziyyət və qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar hərbi qulluqçuların qeyri-ərzaq məhsullarına olan tələbatının ödənilməsi, habelə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələblərin icrasına töhfə verilməsi ilə bağlı həyata keçirilib.
Belə ki, gömrük orqanları tərəfindən ayrı-ayrı vaxtlarda hüquqpozma predmeti kimi götürülmüş 4 743 276.30 manat dəyərində qeyri-ərzaq məhsulları, eyni zamanda, müvafiq məhkəmə qərarlarının icrası məqsədilə 2 948 414,0 manat dəyərində müxtəlif adda dərman preparatları və tibbi ləvazimatlar gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin səlahiyyətli şəxslərinə təhvil verilib.
“Dövlət Gömrük Komitəsi hər zaman orduya müxtəlif formada dəstək olub”
Dövlət Gömrük Komitəsinin orduya yardım etməsinin əhəmiyyəti haqqında danışan iqtisadçı-ekspert Kamran Məmmədli qeyd etdi ki, adıçəkilən qurum hər zaman orduya müxtəlif formada dəstək olub: “Məlumat üçün qeyd edim ki, Gömrük Komitəsinin əməkdaşları Vətən müharibəsi başladığı ilk gündən müharibədə iştirak ediblər. Bununla yanaşı, Gömrük Komitəsi şəhid və qazi ailələrinə yardım edir, onların problemlərinin həll olunması istiqamətində lazımi işlər görür. Bu günlərdə Gömrük Komitəsi orduya təxminən 8 milyona yaxın yardım göndərib. Göndərilən yardım əsasən dərman preparatları və tibbi ləvazimatlardır. Məlumdur ki, orduda hər zaman tibbi ləvazimatlara böyük ehtiyac var. Bu səbəbdən də komitənin belə bir təşəbbüsü yüksək qiymətləndirilməlidir”.
Günel CƏLİLOVA