Xəbər verildiyi kimi, səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin müvafiq əmrinə əsasən komissiya yaradılıb.
Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, bu kateqoriyadan olan şəxslərin qəbulu və müraciətlərinə baxılması yanvarın 11-dən başlayaraq (bazar günü istisna olmaqla) saat 09:00-dan 18:00-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76) həyata keçiriləcək.
“...müraciətlərinə operativ reaksiya verilməsi müsbət addım olacaq”
Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılan komissiyanın əhəmiyyəti haqqında danışan hərbi ekspert İbrahim Rüstəmli qeyd etdi ki, müharibədən tərxis olunmuş gənclərin sağlamlıq və psixoloji müalicəyə ehtiyacı var. Onların normal həyata qayıtmasında səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı yaradılan komissiyanın xüsusi rolu olacaq. Belə bir komissiyanın yaradılması alqışlanmalıdır: “Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların problemlərinin dinlənilməsi, müraciətlərinə operativ reaksiya verilməsi müsbət addım olacaq. Hesab edirəm ki, yaradılacaq komissiya səfərbərlikdən tərxis edilmiş şəxslərin problemlərini həll edəcək”
Həmsöhbətimiz onu da əlavə etdi ki, səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı yaradılan komissiya hərbçilərimizin bu günü və gələcəyi üçün mühüm rol oynayacaq: “Hesab edirəm ki, komissiya öz öhdəsinə düşən işi layiqincə yerinə yetirəcək.
Günel CƏLİLOVA