Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin şəhid ailələrinə veriləcəyini açıqlayıb. Prezidentin göstərişilə “Dövlətqaçqınkom”un balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.
Ölkə başçısı deyib ki, bu evlərdə müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir: “Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Hesab edirəm ki, köçkünlər, bağışlayın, keçmiş köçkünlər bunu düzgün anlayacaqlar. Mən hər şeyi həmişə necə var elə də demişəm. Mən bilirəm ki, onlar bu evləri uzun illər idi gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Bildirmək istəyirəm ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim”.
Köçkün binalarının şəhid ailələrinə verilməsi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Elman Məmmədov: “İlk növbədə, boşalacaq evlər şəhid, qazi ailələrinə verilməlidir”
Millət vəkili Elman Məmmədov qeyd etdi ki, bu qərar yalnız təqdir olunmalıdır: “Cənab Prezidentin belə bir qərar verməsi, təbii ki, təqdirəlayiqdir və böyük qayıdış üçün zəmindir. Təbii ki, ilk növbədə, boşalacaq evlər şəhid, qazi ailələrinə verilməlidir. Bunlar tam təmin olunduqdan sonra boş evlər qalarsa, digər kateqoriyadan olan ehtiyaclı ailələrimizə verilə bilər”.
Mətanət Əsgərqızı: “Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin şəhid ailələrinə verilməsi müsbət qərardır”
"Əsgər Ailələrinə Dəstək" ictimai birliyinin sədri Mətanət Əsgərqızı bizimlə söhbətində qeyd etdi ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin şəhid ailələrinə verilməsi müsbət qərardır: “O evlər tək şəhid ailələri deyil, Vətən müharibəsi zamanı fiziki sağlamlığını itirmiş qazi ailələrə də verilə bilər. Nəzərə almaq lazımdır ki, Birinci Qarabağ və bir neçə il əvvəl Qarabağ uğrunda döyüşlərdə şəhid olanların ailələri də həmin mənzillərə köçürülə bilər. Rəhman Əzizzadə adlı qazi 2015-ci ilin dekabr döyüşlərində iştirak edib. Və döyüş zamanı o yaralandı. Bu cür qazilərimiz də həmin evlərə yerləşdirilə bilər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu gün bizi ən çox narahat edən məsələ şəhid ailələrinin mənzil problemidir. Doğrudur, şəhid ailələrinə proses Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mərhələli şəkildə həyata keçirilsə də, hələ də ehtiyaclı, illərdir mənzil növbəsi gözləyən ailələrimiz var: “İnşallah, yaxın vaxtlarda bu göstərişin icrasına başlanar”.
Günel CƏLİLOVA