Azərbaycan firavan ölkələrin reytinqində 13 pillə də irəlilədi - hesabı Britaniya universiteti aparır

Azərbaycan Böyük Britaniyanın “Legatum Institute” analitik mərkəzinin ölkələrin 2020-ci il üzrə tərəqqi indeksində 78-ci yeri tutub. 2019-cu illə müqayisədə Azərbaycan reytinqdə 13, son 10 ildə isə 17 pillə irəliləyib.
Azərbaycanın ən yaxşı göstəricisi sahibkarlıq və investisiya mühiti üzrədir. Bu kateqoriyalar üzrə ölkə müvafiq olaraq 39 və 50-ci yerdə qərarlaşıb.
Ölkə təhlükəsizliyə görə 89, yaşayış şəraitinə görə 68, sağlamlığa görə 57, təhsilə görə isə 73-cüdür. Ətraf mühitlə bağlı Azərbaycan 136, sosial kapital üzrə 68, dövlət idarəetməsi üzrə 110, şəxsi azadlıqlarla bağlı 148-ci yeri tutub.
Qeyd edək ki, illik hesabatda dünyanın 167 ölkəsi üzrə araşdırma aparılıb. Reytinq ölkələrdəki siyasi, sosial, iqtisadi, ekoloji və digər sahələr üzrə qiymətləndirmələr əsasında tərtib olunub. İndeksdə ilk üç yeri Danimarka, Norveç və İsveçrə bölüşüb.
Azərbaycanın firavan ölkələr reytinqində irəliləməsi sevindiricidir. Pandemiya və müharibə şəraiti Azərbaycanın təhlükəsiz ölkə olma səviyyəsinə heç xələl gətirməyib. Əksinə, ölkəmizin imici daha da yüksəlib.
- “…ölkəmiz dünyada öz sözünü demiş ölkələrlə rəqabət aparmağa hazırdır”
Sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, Azərbaycanın mükəmməl, firavan ölkələr siyahısında yer alması qürurvericidir: “Zamanla ölkəmiz bir sıra sahələr üzrə əksər xarici ölkəni qabaqlayıb. Ən yaxşı ölkələr siyahısında yer alan ölkələr arasında Azərbaycanın adının olması sevindiricidir. Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəlməsi son illər açıqlanan statistik rəqəmlərdə də özünü göstərir. Bu sahədə aparılan işlər sayəsində qarşıdakı illərdə də ölkə əhalisinin həyat səviyyəsi daha da artacaq”.
Həmsöhbətimiz hesab edir ki, Azərbaycanın güclü və mükəmməl ölkələr arasında yer alması onu göstərir ki, ölkəmiz dünyada öz sözünü demiş ölkələrlə rəqabət aparmağa hazırdır: “Nəzərə almaq lazımdır ki, hazırda bütün dünyanı cənginə almış koronavirus ucbatından əksər ölkədə vəziyyət bərbaddır. Ancaq ölkəmizin bu sahədə gördüyü qabaqlayıcı işlər əhalinin yaşayış tərzinə heç bir xələl gətirməyib. Xüsusilə qeyd edim ki, Azərbaycanın təcavüzkar ölkə olan Ermənistan üzərində qələbəsi ölkəmizin imicini daha da yüksəltdi. Müharibənin olmasına baxmayaraq, ölkəmizdə firavan həyat hökm sürür. Bütün bu hallar beynəlxalq təşkilatların diqqətindən yayınmayıb”.
Günel CƏLİLOVA