Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Baki-xeber.com xəbər verir ki, yenidən formalaşdırılan Nazirlər Kabinetinin tərkibində bir sıra dəyişikliklər də olub.
Prezident, indiyə kimi prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi ─ şöbə müdiri vəzifəsini icra edən Novruz Məmmədovu baş nazir təyin edib. Bu vəzifəni indiyi kimi Artur Rasi-zadə tuturdu.
Baş nazirinin müavinlərindən bəziləri də dəyişib. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov baş nazirin yeni müavini təyin olunub. Buna qədər baş nazirin müavinləri postunu tutan Abid Şərifov, Elçin Əfəndiyev və İsmət Abasov yenidən təyin edilməyiblər.
Bununla yanaşı, Yaqub Abdulla oğlu Eyyubov yenidən I müavin, Əli Cavad oğlu Əhmədov və Əli Şamil oğlu Həsənov müavin kimi yeni tərkibdə yer alıb.
Əli Həsənov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini isə itirib. Onu bu posta Rövşən Rzayev əvəz edib.
Sahil Babayev isə iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilərək əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Buna qədər quruma rəhbərliyi Səlim Müslümov edib.
Kənd təsərrüfatı naziri də dəyişib. Indiyə kimi bu posta rəhbərlik edən Heydər Əsədovu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) rəhbəri İnam Kərimov əvəz edib.
Bir neçə aydır boş qalmış Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə isə Samir Nuriyev gətirilib. Samir Nuriyev buna qədər Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini tutub.
Əvvəlki kabinetdə təmsil olunmuş daxili işlər naziri Ramil Usubov, energetika naziri Pərviz Şahbazov, ədliyyə naziri Fikrət Məmmədov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, müdafiə naziri Zakir Həsənov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, vergilər naziri Mikayıl Cabbarov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov isə yeni tərkibdə də eyni vəzifəyə təyin ediliblər.
Yeni hökumətin tərkibində bəzi vəzifələrə isə hələlik təyinat olmayıb. Bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (nazir vəzifəsini Hüseyn Bağırov tutub), Gənclər və idman Nazirliyi (nazir vəzifəsini Azad Rəhimov tutub), Mədəniyyət Nazirliyi (nazir vəzifəsini Əbülfəs Qarayev tutub), yeni yaradılmış Dövlət Turizm Agentliyi, Müdafiə Sənayesi Nazirliyi (nazir vəzifəsini Yavər Camalov tutub), Səhiyyə Nazirliyi (nazir vəzifəsini Oqtay Şirəliyev tutub), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (sədr vəzifəsini Hicran Hüseynova tutub), Diasporla İş üzrə Dövlət Komitəsi (sədr vəzifəsini Nazim İbrahimov tutub), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (sədr vəzifəsini Mübariz Qurbanlı tutub), Dövlət Gömrük Komitəsi (sədr vəzifəsini Aydın Əliyev tutub), Dövlət Statistika Komitəsi (sədr vəzifəsini Tahir Budaqov tutub), Əmlak Məsələləri Dövlət Komitəsi (sədr vəzifəsini Kərəm Həsənov tutub), Dövlət Miqrasiya Xidməti (rəis vəzifəsini Firudin Nəbiyev tutub), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (rəis vəzifəsini Arzu Rəhimov tutub), Qida Təhlükəsizliyi Agentliyi (sədr vəzifəsini Qoşqar Təhməzli tutub), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Əqli Mülkiyyət Agentliyi və Milli Arxiv İdarəsidir (rəis vəzifəsini Ataxan Paşayev tutub).
Təhsil naziri vəzifəsinə bu dəfə də təyinat olmayıb.