Mübariz Əhmədoğlu: “İlham Əliyevin irəli sürdüyü vacib yeniliklərdən biri Bakıda dünya əhəmiyyətli tədbirlərin keçirilməsi oldu”
Aprelin 18-də Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib. Dövlət başçısı andiçmə mərasimindəki çıxışı zamanı bir sıra vacib mesajlar verib.
İlham Əliyev xüsusilə də Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən ölkəmizin bu istiqamətdə əldə etdiyi nailiyyətlərdən bəhs edib: “Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik. Nail ola bilmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas bazadır, hüquqi bazadır. Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq. Baxmayaraq ki, bizə qarşı kampaniyalar aparılır, erməni lobbi təşkilatları bizə qarşı kampaniyalar aparır. Ancaq bu kampaniyalar beynəlxalq təşkilatların qərarlarına təsir edə bilmədi. Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma “Dağlıq Qarabağ”ı heç kim tanımır və əminəm ki, tanımayacaq. Orada keçirilən qondarma “referendum”u bizim qonşu ölkələrimiz və beynəlxalq təşkilatlar pislədilər.
Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Hüquqi baza var. Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik. Biz son 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdıra bilmişik, kitablar yazıldı, xəritələr, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir.
Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın”.
Göründüyü kimi, İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi haqda danışarkən deyib ki, biz dünyaya haqlı olduğumuzu sübut edə bilmişik. Azərbaycan bu uğura necə nail ola bilib?
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu qəzetimizə bildirdi ki, İlham Əliyevin bu məqama toxunmasında böyük həqiqət var: “Bunu görmək üçün o qədər də dərinə getməyə ehtiyac duyulmur. Ən azı, Ermənistana kənardan baxmaq kifayətdir ki, bu həqiqəti dərk edəsən. Ermənilər tarixən diaspor təşkilatlarına malik olublar. Bu mübarizənin ilk illərində onların əldə etdikləri üstünlüklərin bir səbəbi də bu amillə bağlı idi. Hazırda isə biz bütün dünyaya əsl həqiqətləri çatdıra bilmişik. Onlarda münaqişə barədə müfəssəl məlumat var. Yadınızdadırsa, mərhum Heydər Əliyev əlində xəritə, qələm bütün dünya liderlərinə əyani şəkildə münaqişənin mahiyyətini izah edirdi. Sonra bu metodologiyanı İlham Əliyev davam etdirdi. Bir müddət sonra isə İlham Əliyev tamam fərqli metodlardan istifadə etdi. Onun irəli sürdüyü vacib yeniliklərdən biri Bakıda dünya əhəmiyyətli tədbirlərin keçirilməsi oldu. Bu amilin özünün Dağlıq Qarabağla bağlı həqiqətlərin çatdırılmasında mühüm təsiri oldu. Üst-üstə hesablasaq, minlərlə tanınmış dövlət xadimi gəlib əyani şəkildə bu problemlə yaxından tanış olub. Belə tədbirdə iştirak edən indiki və sabiq ölkə başçılarının sayı yüzlərlə ölçülür. Azərbaycan bu vasitələrlə özünün haqlı olduğunu, ermənilərin isə yalan danışdığını dünyaya çatdıra bilib. Məhz bu inamın dərəcəsidir ki, Ermənistanla heç bir ölkə ciddi münasibət qurmur, heç bir dövlət qondara qurumun “müstəqilliyi”ni tanımır. Biz Dağlıq Qarabağla bağlı məsələnin mühüm bir hissəsini həll etmişik. Artıq dünya bilir ki, bu bizim haqq işimizdir. Qalır həlledici mərhələ. İnanıram ki, o gün də uzaqda deyil”.
Məhəmmədəli QƏRİBLİ