Sahib Məmmədov: “Ümidvaram ki, yaxın zamanlarda bu sosial sifarişlər üzrə ciddi addımlar atılacaq və nəticə ölkəmiz üçün uğurlu olacaq”
Artıq ölkə başçısı Prezident səlahiyyətlərinin icrasına başlamaq üçün and içdi. Hələ seçkilərdən əvvəl bəzi təhlilçilər apreldən sonra ölkə idarəetməsində struktur və kadr islahatlarının aparılacağı ilə bağlı təxminlər irəli sürürdülər. Seçkilərdən sonra isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkədə kadr və struktur islahatlarının aparılacağının anonsunu müəllifi olduğu məqalə ilə verdi.
Məqalədə kadr islahatlarının zəruriliyi vurğulanır. R.Mehdiyev məqalədə dövlət başçısının kadr siyasəti barədə fikirlərindən sitat gətirir: “Hesab edirəm ki, Azərbaycanda çox güclü kadr potensialı yaranıb. Bu potensialı, peşəkar insanları qorumaq lazımdır. Sizə deyim ki, onlar Azərbaycanda o qədər də böyük sayda deyillər. Əlbəttə, hər bir məmura, hər bir vəzifəli şəxsə eyni gözlə baxıram. Mən ayrıseçkilik eləmirəm və hesab edirəm, kim öz vəzifə borcunu ləyaqətlə yerinə yetirirsə, əlbəttə, öz işinə davam etməlidir”.
R.Mehdiyevə görə, hər bir məmur kadr məsələsində dövlət maraqlarına uyğun meyarları əsas götürməli və öz fəaliyyəti ilə kadr siyasətinə kölgə salmamalıdır: “Ayrı-ayrı məmurların kadrlara münasibətdə özbaşınalığı, cılız və subyektiv yanaşması nəticəsində kadr potensialının itirilməsinə imkan vermək olmaz”.
Məqalədə bildirilir ki, idarəetmə islahatları ayrı-ayrı dövlət orqanlarının əsasnamələrinə yenidən baxılmasını və onların ciddi şəkildə ekspertizadan keçirilməsini tələb edir: “Belə ki, iqtisadi yönümlü dövlət orqanlarının bir çoxunun fəaliyyətində bir-birini təkrarlayan funksiyalar və vəzifələr mövcuddur. Qüvvədə olan əsasnamələrin yenidən hazırlanması iqtisadiyyatın idarə edilməsi sahəsində təkrarçılığı aradan qaldıra bilər. Dövlət orqanlarının təşkilati strukturunu vahid meyar və prinsiplərlə formalaşdırmaq məqsədilə nazirlik və komitələr, agentlik və xidmətlər üzrə yeni nümunəvi əsasnamənin hazırlanması da məqsədəuyğundur”.
Azərbaycanda struktur və kadr islahatlarının zərurliyi ilə bağlı bu, sələnən ilk fikir deyil. Biz bundan əvvəl də bir çox rəsmilərin və siyasi xadimlərin dilindən belə fikirləri eşitmişik. Bu baxımdan sual yaranır: idarəetmədə struktur və kadr islahatlarını ayrı-ayrı fərdlərin istəyi, yoxsa sosial sifariş kimi qəbul etmək olar?
Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov qəzetimizə açıqlamasında bildirdi ki, belə zərurət istənilən halda olur: “Ancaq mühüm dəyişikliklərdən sonra isə bu daha da zərurət kəsb edir. Analoji fikirlər çox səslənib. Son akkordu isə bu istiqamətdə Ramiz Mehdiyev vurmuş oldu. Onun müəllifi olduğu məqalədə bu istqamətlərdən geniş bəhs olunub. R.Mehdiyev ölkənin idarə edilməsində mühüm təcrübəyə və nüfuza malik bir şəxsdir. Onun ifadə etdiyi fikirlər təbii ki, sosial sifarişdən doğur. Bu qənaətə elə-belə gəlinmir. Bəli, bu gün ölkə idarəetməsində struktur və kadr islahatlarına ehtiyac var və bunu sosial sifariş saya bilərik. Ancaq bu islahatlar da qanunauyğun şəkildə həyata keçirilməlidir, subyektiv yanaşmalara yol verilməməlidir. Doğrudan da bizdə bir-birinin fəaliyyətini təkrarlayan qurumlar var. Onlardan yaxa qurtarmaq lazımdır. Məsələn, iqtisadiyyatda rəqabətə nəzarət edən orqan İqtisadiyyat Nazirliyinin tabeliyindən çıxarılmalıdır. Bununla yanaşı, Rəqabət Məcəlləsi qəbul olunmalıdır. Kadrlara gəldikdə isə, burda da aparılacaq islahatlar bir qədər incə həyata keçirilməlidir. Bir var Prezidentin nomenklaturasında olan siyasi postlar, bunlarla bağlı təyinatların həyata keçirilməsi ölkə başçısının səlahiyyətinə aiddir. Orta təbəqə məmurlara gəldikdə isə, onlarla bağlı bir qədər fərqli düşünürəm. Əksinə, öz sahəsinin peşəkarı olanlar tez-tez dəyişdirilməli deyil. Bizdə belə bir ənənə formalaşıb ki, hər yeni gələn nazir öz adamlarını təyin edir, köhnələri işdən çıxarır. Burda peşəkarlara az fərq qoyulur. Bunun da nəticəsində dövlətin işi axsayır. Məmurların təyinatında mühüm prinsiplərə riayət olunmalıdır. Ən əsası da onların savadına, peşəkarlığına diqqət yetirilməlidir. Bu, eyni zamanda, dinamik bir prosesdir. Hətta onları işdən çıxarmasalar da, kimlərsə təqaüdə gedir və s. Bu səbəbdən də kadr seçimindəki meyarlara xüsusi diqqət olmalıdır. Ümidvaram ki, yaxın zamanlarda bu sosial sifarişlər üzrə ciddi addımlar atılacaq və nəticə ölkəmiz üçün uğurlu olacaq”.
Məhəmmədəli QƏRİBLİ