Ermənistanda Serj Sarkisyanın baş nazir vəzifəsini qəsb etməsi fonunda ölkədə davam edən etiraz aksiyalarının hansı nəticələrə gətirib çıxaracağı indi xüsusi maraq doğurur. Görünən odur ki, cəmiyyət Serj Sarkisyanın baş nazir olmasını qəbul etmir, sonuncu isə öz növbəsində, güc yolu ilə olsa da, bu vəzifədə ölkə idarəçiliyini davam etdirməkdə israrlıdır.
Yaranmış durumda əksər ekspertlər Ermənistanda baş verənləri Ukraynadakı məhşur “Maydan hərəkatı”nın daha bir versiyası olaraq görür. Əslində, Ermənistanda baş verənlərin görünən tərəflərinə baxsaq, belə qənaətə gəlmək mümkündür. Hətta indi ölkədə Qərb-Rusiya mübarizəsinin getdiyini də təxmin etmək olar. Rusiya prezidentinin xüsusi nümayəndəsi, politoloq Sergey Markov da bu mövqeni bölüşür. Bu xüsusda o bildirir: “İrəvanda baş verənlər siyasi böhrandır. Bu, Ermənistan “Maydanı”na cəhddir və bu proseslərin arxasında ABŞ dayanır”. Onun sözlərinə görə, hadisələr ABŞ tərəfindən maliyyələşdirilən 2 min fəal və sosial şəbəkələrdəki 2,5 min istifadəçi tərəfindən həyata keçirilir: “Proseslərin arxasında, ABŞ-la yanaşı, qismən Avropa İttifaqı da var. Bu rəqəmlər kiçik Ermənistan üçün böyük rəqəmdir”.
O qeyd edib ki, Sarkisyan Yanukoviç qədər məşhur olmasa da, ondan daha sərt addımlar atacaq: “Sarkisyanın cavabı sərt olacaq. Ermənistanda etiraz edənlərin əsas ideologiyası, demokratiya ilə yanaşı, Rusiyaya qarşı mübarizədir. Onlar, həmçinin, hakimiyyəti tutmuş “Qarabağ klanı”na qarşı mübarizə aparırlar. Lakin proseslər kənardan idarə olunur”.
Xatırladaq ki, Sarkisyanın baş nazir təyin edilməsinə qarşı keçirilən etiraz aksiyalarına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan “məxməri inqilab” komitəsinin yaradıldığını bəyan edib. Paşinyan hərəkata rəhbərlik edəcək qurumun qələbə qazananadək fəaliyyət göstərəcəyini qeyd edib: “Dövlət qurumlarını blokadaya alacaq inqilab komitələri bütün bölgələrdə yaradılacaq. Tezliklə polis və dövlət qurumları inqilab komitələrinin əmrlərini icra edəcək”. Onun sözlərinə görə, tezliklə bölgələrdə dövlət qurumlarının blokadaya alınmasına başlanacaq, paytaxt İrəvanda isə onun tərəfdarları hakimiyyət nümayəndələri üçün nəzarət-buraxılış məntəqələri quracaq. Serj Sarkisyan isə müxalifəti yeni qanla hədələyir: “Müxalifətçi qüvvələr anlamalıdırlar ki, polislə toqquşma və hökumət binalarına hücumlar heç bir nəticə verməyəcək”. Radikal müxalifəti təmsil edən “Yelk” blokuna müraciət edərək o, fraksiyanın rəhbəri Paşinyanı küçələrdən parlamentə qayıtmağa səsləyib: “Polislə toqquşmanı və hökumət binalarının zəbtini dinc nümayiş adlandırmaq olmaz. Biz çox qan görmüşük, amma heç vaxt heç düşmənimizin də qanına susamamışıq”. Bu arada yayılan məlumatlara görə, Sarksiyanın göstərişi ilə Qarabağdakı erməni hərbi birləşmələrinin bir qismi İrəvana gətirilib. Eyni zamanda, Ermənistandakı Rusiya hərbi qüvvələri, hərbi polis də hazırlıq vəziyyətindədir. Belə görünür ki, Rusiya yaranmış vəziyyətdə Sarkisyanın devrilməsinə imkan vermək niyyətində deyil. Erməni hərbi ekspert Ayk Nahapetyanın dediklərindən isə belə bəlli olur ki, Qərb də öz növbəsində Sarksiyanı başqası ilə əvəzləməyi düşünür. O, bunun üçün “rəngli inqilab”ın təşkil edildyini də vurğulayır: “Ermənistan paytaxtında günlərdir küçələrə faktiki nəzarət edən etirazçıların məqsədi hakimiyyəti və əlbəttə ki, ölkənin xarici siyasət kursunu dəyişməkdir. Bu da öz növbəsində “rəngli inqilab”a aparır”.
Nahapetyanın fikrincə, etirazçılar başqa ölkələrdə “rəngli inqilab” təşkilatçılarının metodları ilə hərəkət edir: “Rəngli inqilab”ın emissarları Ermənistanda hakimiyyətdən yığılıb qalmış narazılıqlardan istifadə etməyə çalışır. Ermənistanda “rəngli inqilab” texnologiyasının tətbiq edildiyi açıq-aşkardır. Məsələn, etirazçı qız və oğlanın polis kordonunun qarşısında öpüşən yerdə çəkilmiş fotosu sürətlə bütün dünyaya yayılıb. Bu mənzərə Kiyevdə “Maydan” hərəkatı zamanı da qeydə alınmışdı. Etirazçılar arasında polislə toqquşma zamanı özünü necə aparmaq, necə təşkilatlanmaq və s. barədə vərəqələr paylanır”. Nahapetyan təşkilatçıların Qərbdə olduqlarını vurğulayıb. Hərbi ekspert onu da bildirib ki, ciddi çaxnaşmalar olarsa, Azərbaycan bundan dərhal istifadə edəcək. Ona görə də etiraz aksiyasının kuratoru kimi deputat Nikol Paşinyan bu haqda düşünməlidir: “Kim ki özünü etiraz hərəkatının rəhbəri sayır, bu haqda düşünməlidir. Paşinyan özünü hərəkatın lideri sayırsa səhv edir. Rəhbərliyi ssenarini yazanlar edir, bu “yazıçılar” isə Ermənistanda deyil”. Hesab edilir ki, əvvəlki kimi, Qarabağ amilindən istfiadə edərək hakimiyyət və ona yaxın qüvvələr aksiyaların dayandıırlmasına çalışırlar. Amma bunların nəticə verəcəyi inandırıcı görünmür. Ən azından, ölkəni yeni qanlı qarşıdurmalar gözləməsi dəqiqdir. Xüsusən də böyük güclərin Ermənistanda maraqlarının toqquşması və “məxməri inqilab” ssenarilərinin işə salınması fonunda.
Tahir TAĞIYEV