Hərb müstəvisində Azərbaycanın Ermənistanla müqayisədə kifayət qədər böyük üstünlüyə malik olması bu gün dünya miqyasında da təsdiqlənir və belə vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həllinin İrəvan üçün böyük itkilərə yol açacağına dair edilən xəbərdarlıqların sayı artır.
Azərbaycan Ordusunun bütün paramentrlər baxımından düşməndən üstün olması və yaranan fərqi getdikcə artırması fonunda isə Qarabağ konfliktinin danışıqlar yolu ilə həllinin Ermənistan üçün indi ən yaxşı çıxış yolu olması da xüsusi olaraq vurğulanır. Bu mənada hesab edilir ki, İrəvan beynəlxalq müstəvidə edilən xəbərdarlıqlardan artıq müvafiq nəticələr çıxarmalıdır.
İşğalçı ölkə üçün növbəti belə xəbərdarlıq isə “Global Firepower Index” təşkilatından gəlib. “Global Firepower Index” bildirir ki, Azərbaycan hərbi güc reytinqində 136 dövlət arasında 53-cü yeri tutur. Qurumun hesabatında bildirilir ki, Azərbaycan ötən illə müqayisədə (59-cu yer) mövqeyini möhkəmləndirib. Burada Gürcüstan 82-ci, Ermənistan 84-cü yerdədir. Ordumuz Ermənistanı burada düz 31 pillə qabaqalyır. Xatırladaq ki, “Global Firepower Index” reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. Onun məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil və çıxarışlar etməkdir. Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün “Global Firepower Index”in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edir, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır. “Global Firepower Index”əl yanaşı, cari il ərzində digər nüfuzlu qurumlar tərəfindən də açıqlanan hesabatlarda Ermənistanın Azərbaycandan hərbi müstəvidə çox geridə qaldığı bildirilir. Məsələn, bu günlərdə açıqlanan Qlobal Atəş Gücü şirkətinin hazırladığı reytinq cədvəlinin nəticələrinə görə, Azərbaycan dünyanın 58-ci ən güclü ordusuna sahibdir. Yeni reytinq cədvəlində Azərbaycan keçən il tutduğu mövqeni dəyişməyib. Bu göstəricisinə görə ölkəmiz Cənubi Qafqazda liderdir. Qafqazdakı qonşularımızdan olan Gürcüstan 82-ci, Ermənistan isə 93-cü yerdə qərarlaşıb. Ekspertlərin fikrincə, bu kimi cədvəllər ölkələrin döyüş aparmadan belə kimin kimdən güclü, zəif olmasını nəzəri cəhətdən təxmini ortaya qoyur. O baxımdan göstərilən cədvəldə Azərbaycanın Ermənistanı 35 pillə qabaqlaması düşmənə ciddi mesajlar verir. Bu fonda isə Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində qeyd olunan xüsusda maraqlı fikirlər səsləndirib və bu, Ermənistan üçün növbəti sərt hərbi xəbərarlıq kimi dəyərləndirilir. Azərbaycanın müasir silahlarla təchiz olunmuş ordusu barədə danışarkən dövlət başçısı bildirib: “Biz bu məsələni daim diqqət mərkəzində saxlayırıq və ölkəmizin hərbi potensialının möhkəmləndirilməsi əsas prioritetlərdən biridir. Bu istiqamətdə çox iş görülüb. Müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesablamalarına görə, bu gün Azərbaycan ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Biz silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırmışıq. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imkanı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə əlbəttə, ordumuzun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb. Əlbəttə ki, çoxsaylı təlimlər və treninqlər bizdə hələlik mövcud olan çatışmazlıqları göstərir. Biz Silahlı Qüvvələrin maddi-texniki bazasını xeyli möhkəmlətmişik. Bizim bütün hərbi bazalarımızın və hərbi şəhərciklərimizin 80 faizindən çoxu əslində yenidən inşa edilib“.
Cari il ərzində hərb müstəvsində diqqət çəkən daha bir açıqlama isə Stokholm Sülh Problemləri Tədqiqatı İnstitutunun (SİPRİ) hesabatında yer alıb. Burada göstərilir ki, Ermənistan və Azərbaycan 2016-2017-ci illər ərzində 675 milyon dollarlıq silah alıb. Hesabata əsasən, Azərbaycan silah idxalına görə dünyada 27-ci yerdə qərarlaşıb. İki il ərzində Azərbaycan 551 milyon dollarlıq silah alıb. Ermənistana gəlincə isə, o, 54-cü yeri tutub. Onun iki il ərzində idxal etdiyi silah 124 milyon dollar həcmində olub. SİPRİ İrəvana idxalatın hamısını Rusiyanın həyata keçirdiyini bildirib. Azərbaycana isə əsas silah tədarükçüsü Rusiya və İsrail olub. 2017-ci ildə Azərbaycan İsraildən 4 ədəd OPV-62 döyüş gəmisi, 40 ədəd “Orbiter” pilotsuz uçan aparat, 215 ədəd “Spayk NLOS” tank əleyhinə raketini alıb. Rusiyadan 36 ədəd TOS-1A Solntsepek sistemi, 40 ədəd BTR-82A zirehli transportyoru, 800 ədəd “Xrizantema” tank əleyhinə raket kompleksi idxal edib. Azərbaycan keçən il həm də Slovakiya və Çexiyadan silah alıb. Belə ki, Bakı Bratislavadan 18 ədəd 152 mm-lik özüyeriyən “Dana” haubitsaları, Praqadan isə 10 ədəd 122 mm-lik RM-70 reaktiv səyyar atəş sistemləri əldə edib. Yayılan yeni məlumatlara görə isə bu il ərzində Azərbaycan Ermənistanı lərzəyə salacaq bir sıra yeni silahlar da alacaq. Belə ki, bu il Belarus “Polonez” reaktiv yaylım atəşi sistemlərinin ixracına dair ilk müqavilənin yerinə yetirilməsinə başlayacaq. Müqavilə çərçivəsində 10 “Polonez” kompleksinin ixracı nəzərdə tutulur, alıcı isə məhz Azərbaycandır. “Polonez” raket komplekslərinin ilk ixrac partiyasının bu il ərzində müştəriyə çatdırılacağı barədə Rusiyanın nüfuzlu “Kommersant” qəzetinə Belarus Müdafiə Nazirliyinə yaxın qaynaq bildirib. Mənbə deyib ki, ilk ixrac müqaviləsinə əsasən sifarişçiyə 10 kompleks çatdırılacaq. Bura raketlər, nəqliyyat-doldurucu maşınlar, idarəetmə məntəqəsi, radiolokasiya stansiyası və sair daxildir. Mənbənin sözlərinə görə müqaviləyə dair hüquqi sənədlər final mərhələsindədir, müştəri isə öz maliyyə məsələlərini həll edib başa çatdırmaq üzrədir. Mənbə əlavə edib ki, söhbət Belarus tərəfdən ayrılan kreditdən getmir. Yəni sifarişçi raketləri öz puluna alır. Mənbə sifarişçi açıqlamaq istəməyib. Amma Rusiyanın müdafiə sənayesi müəssisəsinin iki top-meneceri bildirib ki, söhbət Azərbaycandan gedir.Qəzet xatırladır ki, Azərbaycan müdafiə naziri Zakir Həsənov ötən il Belarusda səfərdə olub və “Polonez” komplekslərinə baxış keçirib. Müdafiə naziri yaxın vaxtlarda yenidən Minskə səfər etməyə hazırlaşır.
Ekspertlər bildirir ki, Azərbaycan Belarusla güclü tərəfdaşlıq münasibətləri sayəsində həmin sistemləri əldə edə bilsə, ordumuzun döyüş potensialı və zərbə gücü əhəmiyyətli dərəcədə artmış olacaq. Qeyd edək ki, “Polonez” raket sistemlərinin işlənib hazırlanması 2013-cü ildə Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkənin hərbi-sənaye kompleksinin mütəxəssisləri qarşısında qoyduğu vəzifə əsasında başlamışdı. Lukaşenko sonralar müsahibələrindən birində dediyi kimi Rusiyadan “İsgəndər” operativ-taktiki raketlərinin nisbətən köhnə və döyüş növbətçiliyindən çıxarılmış variantlarını (“İsgəndər-E”) Belarusa verməyi xahiş etmişdi. Lakin Rusiya bu raketləri Belarusa vermədi, əvəzində təklif edib ki, Rusiya ordusunun “İsgəndər”lərlə silahlanmış birləşməsi Belarus ərazisində dislokasiya olunsun. Bu, Lukaşenkonun Kremlə qarşı incikliyini açıq bildirməsi ilə nəticələndi. Eyni zamanda Lukaşenko əmr verdi ki, Belarus hərbi-sənaye kompleksi tezliklə zərbə gücünə, mənzilinə və dəqiqliyinə görə “İsgəndər” kompleksləri ilə müqayisə oluna biləcək yeni raket sistemləri işləyib hazırlasın.
Belarusun yeni raket sistemləri işləyib hazırlaması üçün potensialı isə doğrudan da mövcud idi. “İsgəndər” raketlərinin yerləşdirildiyi mobil platformanı Minsk təkərli qoşqular zavodu istehsal edir və deməli bu, işin yarısıdır. Geriyə isə raketlərin özünü və idarəetmə sistemlərini işləyib hazırlamaq qalırdı. Və çox keçmədən, cəmi iki il sonra Minskdə keçirilən hərbi paradda tamaşaçılar Belarusun ən yeni “Polonez” reaktiv yaylım atəşi sistemlərini gördülər. Bu, dördoxlu MZKT-7930 “Astroloq” şassisi üzərində yerləşdirilmiş 8 kontenyerdən ibarət buraxılış qurğusu idi. Hansı ki, həmin şassi Rusiyanın “İsgəndər” operativ-taktiki raketlərini daşıyır və yüksək keçicilik qabiliyyətinə, mobilliyə, saatda 70 kilometr sürətə malikdir. “Polonez” kompleksləri ilk dəfə 2015-ci ildə Minskdə hərbi parad zamanı nümayiş etdirilib. Daha sonra raketlər poliqonda sınaqdan keçirilib və 450 kiloqramlıq döyüş başlığına malik raketlər 300 kilometr məsafədə hədəfi 10-20 metr dəqiqliklə vurub. Çinin A-200 raketləri ilə təchiz edilən, Belarus hərbi sənayesinin idarəetmə sistemi ilə hədəfə yönləndirilən “Polonez” kompleksləri yüksək dəqiqlikli silah sistemi kimi özünü doğruldub.
Hərbi-sənaye kompleksindəki mənbə “Kommersant”a deyib ki, Azərbaycan çoxdandır qiymət amilinə görə Belarus hərbi sənaye kompleksinin məhsullarına maraq göstərir. İndi isə “Polonez”lərin taktiki-texniki göstəriciləri Azərbaycan silahlı qüvvələrinin tələbatına uyğundur. Mənbə Belarusun Azərbaycana “Polonez” kompleksləri satmasının Ermənistanda narazılıq doğuracağını da bildirib.
Qeyd edək ki, Azərbaycan silahlı qüvvələrinin kvaziballistik trayektoriya ilə hərəkət edən, raket əleyhinə sistemlər tərəfindən tutulmayan və 300 kilometr radiuslu raketlərə tələbatı Rusiyanın 2016-cı ilin aprel döyüşlərindən sona Ermənistana 4 “İsgəndər” operativ-taktiki raket kompleksi verməsindən sonra yaranıb. İndi isə Azərbaycan Belarusdan daşıdığı raketlərin sayına və deməli atəş gücünə görə “İsgəndər” komplekslərindən daha üstün olan 10 “Polonez” kompleksi alır. Özü də indiki halda Ermənistanın malik olduğu 4 “İsgəndər” kompleksi eyni vaxtda maksimum 8 raket buraxa bilərsə Azərbaycanın əldə edəcəyi 10 “Polonez” kompleksi 80 belə raketlə eyni vaxtda zərbə endirməyə imkan verəcək. Sistemin daha bir özəlliyi budur ki, 8 ayrı hədəfə cəmi 50 saniyə ərzində zərbə endirə bilər. Başqa sözlə, “Polonez” döyüş əməliyyatları zamanı həm düşmənin əsas cəmləşmə rayonlarına, iri hərbi infrastrukturuna, döyüş texnikasına kütləvi zərbələr endirməyə imkan verən reaktiv yaylım atəşi sistemidir, eyni zamanda kiçik hədəflərə dəqiq zərbələr endirə bilən silahdır. Azərbaycan ordusunun arsenalında indilikdə 300 millimetr kalibrli raketlər daşıyan “Smerç” reaktiv yaylım atəşi sistemləri, Türkiyə istehsalı olan 300 millimetr kalibrli, 150 kilometr mənzilli “Kasırga” sistemləri, İsrail istehsalı olan 150 kilometr mənzilli “Linx” raket sistemləri var. “Polonez”lərin bura əlavə edilməsi isə ordumuzun sarsıdıcı atəş gücünün daha da artması deməkdir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.