Seyid Camal Əzimbəyli: “Çünki belə qüvvələr milli maraqlardan çıxış etmək qüdrətinə sahib deyillər”
“Bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi”. Bu fikri Prezident İlham Əliyev aprelin 18-də andiçmə mərasimində bildirib. Onun sözlərinə görə, son 15 il ərzində Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyllər müşahidə olunur.
Prezident seçkiləri kampaniyası bunu bir daha göstərdi: “Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Qeyd etməliyəm ki, prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaq”.
Dövlət başçısının fikrincə, antimilli qruplaşmaya siyasi səhnədə yer yoxdur: “O ki, qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb və bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərdi ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun”.
Həqiqətən də ölkədə seçicilərin seçki günü ortaya qoyduqları mövqe antimilli qüvvələrə öz yerini göstərdi. Azərbaycan xalqı göstərdi ki, cəmiyyətdə belələrinin tərəfdarları yoxdur. Bu baxımdan, Prezidentin məlum dəyərləndirməsinə münasibət necədir?
Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bununla bağlı Prezidentin dəyərləndirməsi tamamilə reallığı əks etdirir: “Məsələ ondadır ki, həqiqətən də prezident seçkilərində və ondan sonra Azərbaycan xalqı antimilli qruplara öz yerini göstərdi. Göstərdi ki, xalq heç vaxt belələrinin arxasınca getməyəcək və onların populist vədlərinə inanmayacaq. Hansı ki, həmin qüvvələr xarici himayədarları vasitəsilə zaman-zaman ölkədə xoşagəlməz halların yaranmasına cəhd ediblər. Ancaq Azərbaycan dövlətinin ayıq-sayıqlığı, Prezident İlham Əliyevin qətiyyəti sayəsində belələri öz istəklərinə nail ola bilməyiblər. Azərbaycan xalqı yekdilliklə Prezident İlham Əliyevi dəstəkləyir və bunu son seçkilərdə bir daha sübut etdi. Ümumiyyətlə, xarici qüvvələrin himayəsi ilə fəaliyyət göstərən, onların sifarişlərini yerinə yetirən qüvvələr heç vaxt xalqın etimadını qazana bilməyəcəklər. Çünki belə qüvvələr milli maraqlardan çıxış etmək qüdrətinə sahib deyillər. Belələri ancaq qrup maraqlarından çıxış edərək öz şəxsi mənafelərini güdürlər. Ona görə də yaxşını pisdən ayıran Azərbaycan xalqı belələrinə öz taleyini etibar etmir. Bu səbəbdən seçkidə iradəsini ortaya qoymaqla, antimilli qruplara öz yerini göstərdi. Azərbaycan xalqı sübut etdi ki, həmin qüvvələrin arxasınca getmir, onların apardığı təbliğata uymur. Bax, budur real vəziyyət və hazırkı mənzərə. Hesab edirəm ki, bu məsələdə Azərbaycan xalqının ortaya qoyduğu iradə alqışa layiqdir. O mənada ki, xalq doğru seçim etdi”.
Vidadi ORDAHALLI