Yeganə Hacıyeva: "Fikrimcə, Azərbaycan ATƏT-in bu yanaşmasının Dağlıq Qarabağ konfliktinin həlli üçün də tətbiq olunmasının təşəbbüsünü qaldıra bilər"
Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona son səfəri də nəticəsiz oldu. Artıq həmin missiyanın ciddiliyinə haqlı olaraq şübhələr yaranmağa başlayıb. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri 25 ildir nəticəsiz fəaliyyətlə məşğuldur. Onların yarıtmaz fəaliyyətinə hansı mexanizmlər çərçivəsində qiymət vermək olar ki, passivlik aradan qaldırılsın?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, uzun illərdir əsas vəzifəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və konfliktin dinc vasitələrlə həll edilməsinə kömək etmək olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin passiv və bəzən isə Ermənistanın mövqeyini müdafiə edən fəaliyytinin şahidi oluruq: "Bu illər ərzində ATƏT-in Minsk Qrupu öncə problemin paket, ardınca mərhələli, sonra isə ortaq həll təkliflərini irəli sürüb, bu təkliflərin bəzisi beynəlxalq hüquq və normalara zidd olduğu üçün ölkəmiz tərəfindən, çox zaman isə Ermənistan tərəfindən qəbul edilməyib. Həm də etiraf etməliyik ki, ATƏT digər münaqişə ocaqlarında həyata keçirdiyi fəaliyyət zamanı münaqişələrin həlli yollarında rəhbər tutduğu BMT və BMT Təhlükəsizlik Şurasının qətnamələrindən doğan öhdəlikləri Dağlıq Qarabağ konfliktinin həlli yolları üçün tətbiq etməkdə o qədər də canfəşanlıq etmir. Çox zaman biz ATƏT-in Minsk Qrupu rəsmilərinin separatçı qurumun legitimləşməsinə töhfə verə biləcək fikir və ifadələrinin şahidi oluruq. Bu kimi ifadələrin işlənməsi beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü baxımından çox təhlükəlidir.
ATƏT-in yarıtmaz fəaliyyətini hansı mexanizmlər çərçivəsində aktivləşdirə bilərik sualına gəlsək, bunu belə ifadə edə bilərik. Bildiyiniz kimi, Dağlıq Qarabağ konflikti və Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi mövcuddur. Bu qətnamələrdə konkret olaraq işğalçı və işğal olunan tərəf göstərilib, Azərbaycanın 20 faiz torpaqlarının işğalı nəticəsində bir milyondan çox Azərbaycan əhalisinin qaçqın və məcburi köçkün olması, milyardlarla maddi itkisinin olması əksini tapıb.
Bir haşiyəyə çıxım ki, ATƏT-in Dağlıq Qarabağdan başqa digər münaqişə ocaqlarında fəaliyyəti, monitorinq və təhlilləri əsasında hazırlanmış hesabatlarından sonra bir sıra dövlətlər və beynəlxalq təşkilatların işğalçı tərəfə qarşı sanksiyalar tətbiq olunması mexanizmlərindən istifadəsinin şahidi oluruq. Fikrimcə, Azərbaycan ATƏT-in bu yanaşmasının Dağlıq Qarabağ konfliktinin həlli üçün də tətbiq olunmasının təşəbbüsünü qaldıra bilər. Bunun üçün kifayət qədər hüquqi əsaslar mövcuddur".
Məhəmmədəli QƏRİBLİ