Arzu Nağıyev: "Bu, ermənilər və havadarlarının iyrənc məqsədlərə hesablanmış təbliğat metodudur"
Bəllidir ki, Azərbaycan hakimiyyəti xarici ölkələrdə vətəndaşlarının hansısa silahlı münaqişələrdə iştirakı ilə bağlı ciddi müzakirə aparır. Hətta bununla bağlı Cinayət Məcəlləsinə dəyişikliklər də edilib. Yəni hansısa vətəndaşımız xarici ölkələrdə baş verən silahlı insidentlərdə iştirak edərsə, bu, qanunvericiliyin tələblərinin pozulması anlamına gəlir və həmin şəxslər barəsində ciddi hüquqi ölçü götürülür.
Məhz bu amilə görə, ağır cəzalara məhkum edilmiş çoxlu sayda Azərbaycan vətəndaşını misal göstərmək olar. Terrorizm, ona meyl göstərmək bəşəri bir bəladır və heç bir ölkə ondan sığortalanmayıb. Azərbaycan vətəndaşları arasında da Suriyada, İraqda baş verən silahlı münaqişələrdə könüllü iştirak edənlər olub. Ancaq bu halda kütləvilik nəzərə çarpmayıb. Fərdlərin belə məsuliyyətsizlik etməsinin günahını tam dövlətin üzərinə yıxmaq isə doğru deyil. Çox maraqlıdır ki, Ermənistan mətbuatı bu mövzu ətrafında daim piar aparır. Belə informasiyalar yayırlar ki, guya İŞİD kimi terror təşkilatının əsasını Azərbaycandan çıxan yaraqlılar təşkil edir. Ermənistanın belə yalan təbliğat aparması hansı məqsədlərə hesablana bilər?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev qəzetimizə bildirdi ki, Suriyada, ümumiyyətlə, İŞİD-in tərkibində vuruşan terrorçular əsasən Avropadan olan müsəlman əsilli şəxslərdir: "Bu məlum məsələdir. Bunu mütəmadi olaraq açıqlanan statistikada da görmək mümkündür. Azərbaycanla bağlı bu məsələlər birinci dəfə qaldırılmır. Bildiyiniz kimi, İŞİD tərkibində vuruşmuş, ölmüş, həbs edilmiş şəxslərin ümumi sayı təxminən 900 nəfər olub. Maraqlı bir məsələyə diqqət yetirək, Rusiya rəhbərliyi MDB məkanında terror və ya İŞİD təhlükəsi ilə bağlı bəyanatlarla çıxış edir, İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçiliyə can atır, Ermənistan məlum çıxışlar edir. Düşünürəm ki, bu üç variant arasında müəyyən bağlılıqlar var. Rusiyanın müsəlman inanclı 11 subyekti var və hər birindən kifayət qədər İŞİD-çi mövcuddur, lakin bu haqda bəyanatlar verilmir. İran daim sünni-şiə məsələsinin qabarmasına çalışır. Vasitə kimi də Ermənistandan istifadə edilir. Ermənistanda Suriyada müxtəlif qruplaşmalarda döyüşən çoxlu sayda terrorçu var. Son vaxtlar Suriyadan qaçqın adı ilə Dağlıq Qarabağ ərazisinə terror dəstələrinin gətirilməsinin ört-basdır edilməsi də bununla bağlıdır. Yəni Azərbaycanı dünya ictimaiyyətində terrora dəstək verən bir dövlət kimi göstərməyə çalışanlar sonra da bəyanat verəcəklər ki, həmin şəxslər qayıdanda Dağlıq Qarabağda vuruşacaq. Bir sözlə, bu, ermənilər və havadarlarının iyrənc məqsədlərə hesablanmış təbliğat metodudur".
Məhəmmədəli QƏRİBLİ