Cari ilin ötən dövrü Qarabağ münaqişəsi ətrafında danışıqların yenə Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən dalana dirənmiş vəziyyətdə qaldığını göstərdi. Belə vəziyyətdə gedərək daha çox xəbərdarlıqlar səslənir ki, yaxın tezlikdə danışıqlar prosesi bərpa edilib hansısa irəliləyiş olmasa, hərbi əməliyyatların yenilənməsi qaçılmaz olacaq. Məhz bu səbəbdən Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın Avstriyada nəzərdə tutulan görüşünün hansı nəticələrlə yekunlaşacağı böyük səbrsizliklə gözlənir.
Qeyd edək ki, iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi gözlənir. ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov, fransalı həmsədr Stefan Viskonti və amerikalı həmsədr Riçard Hoqland da danışıqlarda iştirak edəcək. Hesab edilir ki, məhz bu görüşdən sonra Ermənistanla danışıqlar prosesini davam etdirib-etdirməməyin nə dərəcədə əhəmiyyətli olduğu bəlli olacaq.
İndilikdə proseslərin gedişi erməni tərəfinin əslində qeyri-konstruktiv, təxribatçı bir mövqedə qaldığını göstərir. Bunu işğal altındakı ərazilərdə yaradılan separatçı rejimin yeni "seçkilərə" getməsi də təsdiqləyir. Xatırladaq ki, separatçı rejim özünə yeni rəhbər seçməyə hazırlaşır. İşğalçı rejimin başçısının "mətbuat katibi" David Babayan deyib ki, iyulun sonuncu ongünlüyündə qondarma rejimin "parlamenti" yeni "prezident" seçəcək. Onun sözlərinə görə, yeni rəhbər 2020-ci ilə qədər olan keçid dövrü ərzində separatçı rejimə başçılıq edəcək, ondan sonra isə, qondarma rejimin "yeni konstitusiyası"na görə, separatçılar yeni rəhbər və "parlament" seçəcək. Ekspertlər hesab edir ki, əslində bununla ermənilər yenə özlərini beynəlxalq aləmdə gülünc vəziyyətə salmış olacaq. Çünki beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı və Ermənistanın işğalı altında olan digər əraziləri Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır və orada keçirilən heç bir "seçki"nin nəticələrini tanımır. Bunu cari il fevralın 20-də Dağlıq Qarabağda akeçirilən "konstitusiya referendumu" bir daha aydın surətdə nümayiş etdirdi. Həmin vaxt ATƏT-in Minsk Qrupunun həmsədrləri, Avropa İttifaqı, Rusiya, Türkiyə, İran və digərləri Ermənistanın mövqeyinin əleyhinə bəyanat verdilər. Yeri gəlmişkən qeyd edək ki, burada əsas məsələlərdən biri də Minsk Qrupunun həmsədrlərinin verdiyi bəyanat oldu. Burada açıq şəkildə qeyd olundu ki, həmin "referendum" Dağlıq Qarabağın hüquqi statusunu müəyyən edə bilməz. Bu o deməkdir ki, Minsk Qrupu Ermənistan və Dağlıq Qarabağ ermənilərinin təkbaşına Dağlıq Qarabağın statusunu müəyyən edə bilməyəcəklərini bir daha diqqət mərkəzinə çatdırmış oldu. Xatırladaq ki, bir neçə gün əvvəl Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bu məsələyə xüsusi olaraq toxundu: "Dağlıq Qarabağda keçirilmiş son qondarma "referendum" da onların - separatçıların, işğalçıların növbəti iflası, növbəti biabırçılığı idi. Çünki bu "referendum"u heç bir beynəlxalq təşkilat, qonşu ölkələr, Avropa İttifaqı, Minsk Qrupunun həmsədr ölkələri tanımayıb. Yəni bu qondarma "referendum"u tanımamaqla bütün bu ölkələr və beynəlxalq təşkilatlar bir daha təsdiq edirlər ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. O qondarma, separatçı xunta rejimini dünya birliyi tanımır və tanımayacaq. Ona görə, tarixi ədalət, beynəlxalq hüquq, əlbəttə ki, bizim siyasi çəkimiz Ermənistanla müqayisəedilməz dərəcədə böyükdür. Bizim iqtisadi gücümüz Ermənistanınkından qat-qat artıqdır. Yəni bütün bu amillər bizim mövqeyimizi gücləndirir. Əlbəttə, Azərbaycan dövləti öz prinsipial mövqeyini daha da gücləndirməlidir və gücləndirir. Bir daha demək istəyirəm ki, biz müharibə şəraitində yaşayırıq. Bizim xalqımız heç vaxt bu vəziyyətlə barışmayacaq. Biz heç vaxt icazə verməyəcəyik ki, tarixi torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik".
Bütün bunlar bir daha dünyanın işğal edilmiş ərazilərdə keçirilən qanunsuz "referendum"a hansı münasibət sərgilədiyini açıq şəkildə meydana qoydu. Dünya həm də onu gördü ki, bu təxribatçı addım, eləcə də Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdləri ilə İrəvan münaqişənin siyasi həllində maraqlı tərəf kimi çıxış etmir. Eləcə də Ermənistana mesaj verildi ki, həmin qanunsuz "referendum" Azərbaycan Konstitusiyası, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz. Dünyanın bu mövqeyi Azərbaycan diplomatiyasının növbəti uğuru, ermənilərin isə növbəti məğlubiyyəti oldu. Məhz rəsmi Bakının diplomatik gedişləri ilə beynəlxalq ictimaiyyət qanunsuz "referendum"u qəti şəkildə pislədi, ermənilər yenidən işğalçılıq və ilhaqçılıq siyasətinə son qoymağa dəvət olundu. Hesab edilir ki, iyulun sonuncu ongünlüyündə qondarma rejimin "parlamentinin" yeni "prezident" seçməsinə də dünya eyni yanaşma nümayiş etdirəcək və bununla erməni tərəfi daha bir diplomatik zərbə alaraq özünü bir daha gülünc vəziyyətdə qoyacaq.
Xatırladaq ki, 2015-ci il sentyabrın 10-da Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejim "bələdiyyə seçkiləri" keçirmişdi. Lakin beynəlxalq təşkilatlar, o cümlədən böyük dövlətlər Azərbaycan Konstitusiyasını və beynəlxalq hüquq normalarını pozan 10 sentyabr seçkilərinin nəticələrini tanımaqdan imtina etmişdi. Ümumiyyətlə, 1991-ci ildən indiyə qədər olan müddət ərzində ermənilərin Qarabağda bütün seçki oyunları yalnız fiasko ilə nəticələnib. Amma qarşı tərəf hələ də bundan lazımi nəticələr çıxara bilmir. Aydındır ki, hazırda yaranmış vəziyyətdə münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etmək və beynəlxalq öhdəliklərə əməl etmək baxımından dünyanın, o cümlədən Minsk Qrupunun həmsədrlərinin Ermənistana siyasi və diplomatik təzyiq göstərməsi olduqca vacibdir. Çünki belə vəziyyət Qarabağ münaqişəsinin dinc yolla həllini tezləşdirmək iqtidarındadır. Beynəlxalq təşkilatlar və dünya siyasətinin axarına təsir etmək gücündə olan dövlətlərin belə mövqeyi Qarabağ konfliktinin həllini tezləşdirməklə yanaşı, onun qlobal miqyasda yaratdığı təhlükəni də mümkün qədər tez aradan qaldıra bilər.
Onu da qeyd edək ki, lazımi reaksiya olmayacağı təqdirdə, Azərbaycan işğal olunmuş ərazilərinin azad olunmasını güc yolu ilə də həyata keçirə biləcəyini ötən ilin aprelində, eləcə də cari ilin ötən dövründə bir daha, Ermənistan da daxil olmaqla, bütün dünyaya aydın şəkildə nümayiş etdirib. Bu arada bir məqamı da vurğulayaq ki, elə ötən ilin aprel müharibəsi separatçı rejimin "seçki oyunlarının" pozulmasında az rol oynamayıb. Ermənistan mediasının iddialarından belə bəlli olur ki, həmin vaxt Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun mövqelərinə hücum edərək, qurduğu siyasi planı həyata keçirmək istəyirmiş. Lakin Azərbaycan Ordusunun cavabı bu planları alt-üst edib. Erməni jurnalist Naira Ayrumyanın "lragir" saytında yayımlanan "Aprel müharibəsi nəyi etməyə icazə vermədi" başlıqlı məqaləsində yazır ki, işğal edilmiş Azərbaycan torpaqlarında yaradılmış qondarma "DQR"də "prezidentliyin" gücləndirilməsi planı olub: "Yəni İrəvan rejimi separatçıların "prezidenti" Bako Saakyanın səlahiyyətlərini gücləndirmək istəyirmiş. Lakin bəzi siyasi partiyalar və klanlar burada "parlament üsul-idarəsi"nə keçidi dəstəkləyirmiş. Belə ki, 2015-ci ilin dekabrında Ermənistanda keçirilən referendumla ölkənin parlament üsul-idarəsinə keçidi üçün əsas yaranıb. Bu ilin 2 aprelində keçirilən parlament seçkilərindən sonra Ermənistan "de-yure" parlament respublikası sisteminə keçdi. Sadəcə olaraq, bu sistemə gələn il, hazırkı prezident Serj Sarkisyan səlahiyyətlərini başa vurandan sonra keçiləcək.
2015-ci ildə Ermənistandakı siyasi partiyaların hamısı yekdilliklə DQR-in də "parlament sisteminə" keçidi təklifini irəli sürdü. Hesab olunurdu ki, bu sistemlə rejimin inkişafı təmin olunacaq. Lakin Sarkisyan hakimiyyəti buna qarşı oldu və DQR-də "prezidentin" vacibliyini sübut etmək üçün "Azərbaycan təhlükəsi" oyununa əl atdı. Bu oyuna görə, erməni hərbi birləşmələri hücuma keçəcək, Azərbaycan qarşılıq verəcək və "parlament sistemini" təklif edənlərə göstəriləcəkdi ki, "Azərbaycan ciddi təhlükəlidir, bunun üçün güclü prezident idarəçiliyi lazımdır". Hesab olunur ki, döyüşlərin olması planın həyata keçirilməsi üçün lazım olan arqumentləri gücləndirib. Lakin Azərbaycan Ordusunun əks-hücuma keçərək işğal altındakı torpaqların bir qismini azad etməsi Ermənistan rəhbərliyinin Qarabağda həyata keçirmək istədiyi planı ləngidib və ciddi zədələrə yol açıb".
İndi hesab olunur ki, ermənilərin zəbt olunmuş Azərbaycan ərazilərində "seçki oyunlarını" davam etdirməsi və bununla Qarabağ konfliktinin sülh yolu ilə həllindən yayınmaları cəbhədə növbəti hərbi toqquşmalara yol aça bilər. Bunun məsuliyyəti isə sırf Ermənistanın üzərinə düşəcək. Digər tərəfdən ermənilər özləri də aydın görür ki, onların işğal altındakı ərazilərdə istənilən "seçkisi" dünya ictimaiyyəti tərəfindən qınanır, qəbul olunmur. Bu şəraitdə ermənilər üçün ən yaxşı vasitə, heç şübhəsiz, Azərbaycanla danışıqlar masasında sülh yolu ilə konfliktin həll yolunu axtarmaq, daha doğrusu, ərazilərimizdən silahlı qüvvələrini çıxarmaqdır. Əks halda yeni hərbi əməliyyatların başlanması qaçılmaz olacaq və bu dəfə Azərbaycan işğala birdəfəlik son qoyana qədər hərbi əməliyyatları davam etdirəcək. Ermənilər isə bunun qarşısını ala biləcək gücdə olmadıqlarını özləri də yaxşı bilir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.