Məlum olduğu kimi, Rusiyanın Azərbaycana yeni silahlar satması Ermənistanda ciddi təşviş və narahatlıq yaradıb. İndi burada hesab edirlər ki, yaranmış durumda İrəvan Kremllə münasibətlərində müəyyən korrektələr etməlidir. Hətta Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyaya ümid etməyin yersiz olduğunu açıqlayıb.
O, Rusiyanın Azərbaycana silah satması haqda məsələni şərh edərkən Moskvanı tənqid edib: "Təhlükəsizlik məsələsində Ermənistan özünə ümid etməlidir. Rusiya bizim müttəfiqimizdir, onunla münasibətlərə önəm veririk, lakin daha ona ümid etmək lazım deyil". Qeyd edək ki, iyunun 24-də Rusiyadan Azərbaycana 42 eşelon silah-sursat gətirilib. Gətirilən silahlar arasında "tank qatili" adlandırılan "Xrizantema-S" raket kompleksləri də var. Məhz bu silah Ermənistanda ciddi qorxulara səbəb olub.
Belə vəziyyətdə Ermənistanda fikirlər səslənir ki, ölkə Qərblə münasibətlərini düzəltməli, Rusiyanın təsir dairəsindən çıxmalıdır. Erməni politoloq İqor Muradyanın sözlərinə görə, Ermənistan rəhbərliyinin siyasəti ölkəni dalana dirəyib və İrəvanın dostu, müttəfiqi yoxdur. O, bu vəziyyətdə Qarabağda savaşın başlamasının Ermənistan üçün çox pis nəticələnəcəyini də xüsusi olaraq qeyd edir: "Siyasi rəhbərlik ümidlərini Rusiyaya və Moskvanın verdiyi silahlara bağlayıb. Bununla belə, orduda yüksək rütbəli zabitlər arasında Rusiyanın müharibədə erməniləri satacağı haqda müzakirələr gedir. Rusiya Azərbaycana silah satır, lakin İrəvan, buna baxmayaraq, rusların dediyi ilə oturub-durur. Buna görə də beynəlxalq səhnədə də heç bir tərəfdaş tapa bilməmişik".
Erməni politoloq qeyd edib ki, Ermənistan güclü şəkildə Rusiyadan asılıdır: "Buna görə də müharibədə Qərb, xüsusilə də NATO heç bir dəstək verməyəcək. Qərbdə hesab edirlər ki, Rusiya Ermənistanın müttəfiqidir, buna görə də lazımi dəstək verəcək. Lakin reallıqda belə deyil. Azərbaycan da bunu yaxşı anlayır və Ermənistana vuracağı zərbəyə Moskvanın səs çıxarmayacağını bilir. Bakı, İrəvandan fərqli olaraq, NATO ilə sıx əməkdaşlıq üçün qapısını daim açıq saxlayır. Bununla yanaşı, ən yaxın müttəfiqi olan Türkiyə NATO üzvüdür, həmçinin, Şimal Alyansının diqqət göstərdiyi Gürcüstanla sıx əlaqələri var. Bütün bunlar Bakının İrəvan üzərindəki üstünlükləridir. Müharibə olacaqsa, Ermənistan açıq şəkildə məğlub olacaq. Bunun səbəbi isə indiyə qədər erməni rəhbərliyinin Rusiyaya bel bağlayaraq Qərbdən üz döndərməsidir".
İqor Muradyan son günlərdə hakimiyyət rəhbərliyinin Qərblə təmaslarını artırmaq niyyətinin və cəhdlərinin də bundan sonra nəticə verməyəcəyini, əksinə, bunların Moskva tərəfindən sərt qarşılandığını bildirir. O hesab edir ki, bu siyasət dəyişməsə, Ermənistanda Rusiya tərəfindən hakimiyyət çevrilişi həyata keçirilə bilər. Maraqlıdır ki, artıq Ermənistan müxalifəti Sarkisyan rejiminə qarşı çevriliş etməyə çağırıb. Burada iddia olunur ki, prezident ölkənin günü-gündən pisləşən sosial-iqtisadi vəziyyətini düzəltməkdənsə, öz hakimiyyətini hər yolla qoruyub saxlamağa çalışır. Buna son qoymaq üçün isə bildirilir ki, bütün əhali birləşib "məxməri inqilab" etməlidir. Müxalifət bəyan edir ki, ölkənin xarici borcu son 2 ildə daha da artaraq pik həddə - 5,9 milyard dollara çatıb. Bildirilir ki, xarici kreditlər olmasa, Ermənistan iqtisadiyyatı tamamilə çökər. Mərkəzi Bankın sədri Artur Cavadyanın sözlərinə görə isə, iqtisadiyyat elə bərbad vəziyyətdədir ki, heç kəs Ermənistana sərmayə yatırmaq istəmir, hətta Rusiyadan da transferlər azalıb. Bu səbəbdəndir ki, müxalif "İrs" partiyasının sədri Raffi Ovannisyan keçirdiyi partiya qurultayında ölkədəki bütün siyasi qüvvələri və əhalini Serj Sarkisyana qarşı birləşərək "məxməri inqilab"a çağırıb. Onun sözlərinə görə, bütün xəbərdarlıqları qulaqardına vuran Sarkisyanı yalnız güc yolu ilə devirmək mümkündür və bunun üçün ən əlverişli vaxt gələn ilin aprelində parlamentli respublikaya keçid, yəni Sərkisyanın hakimiyyətinin uzadılmasını nəzərdə tutan yeni konstitusiyanın rəsmən qüvvəyə minəcəyi məqamdır. Erməni mediasının yazdığına görə, əslində, bütün bunlar İrəvana Rusiya təərfindən edilən xəbərdarlıqdır. Yəni İrəvan onun dediklərindən kənara çıxarsa, Qərblə əməkdaşlığa gedən siyasət yürüdərsə, Kreml hakimiyyətin devrilməsi siyasətinə başlayacaq. Amma Sarksiyanın indiki siyasətini dəyişməməsi də onun hakimiyyətini təhlükəsiz etmir. Belə görünür, Qərb də Ermənistanda hakimiyyətlə bağlı yeni siyasətə başlamağı düşünür. Belə ki, "newsinfo" saytının yazdığına görə, ABŞ-ın Ermənistanda siyasi rejimin dəyişməsi ilə bağlı əməliyyatının ikinci mərhələsinə tam gücü ilə start verilib. Hazırda yüzlərlə amerikalı hərbçi Ermənistandadır. İddiaya görə, amerikalı hərbçilər təlimatçı, yaxud müxtəlif ad altında Ermənistana gəliblər: "Onlar ABŞ-ın "xarici hərbi maliyyələşmə" adlı sxemi əsasında gəliblər. Lakin aralarında Ermənistanda nəzarəti ələ almaq üçün gələn yüksəkrütbəlilər də var. ABŞ hərbiçiləri erməni hərbçilərinə minaların təmizlənməsi kimi xoşməramlı kömək edəcək. Lakin bu, Birləşmiş Ştatların sakit şəkildə Ermənistana müdaxiləsidir. Görünür, Rusiyanın boyunduruğunda olan Sarkisyan rejimi artıq Vaşinqtona lazım deyil". Bütün bunlar erməni iqtidarının artıq çıxılmaz bir vəziyyətdə olduğunu aydın nümayiş etdirir.
Tahir TAĞIYEV