Rusiya və ABŞ arasında gərginləşən münasibətlər enerji sektorunu da əhatə etməkdədir. Belə görünür ki, ABŞ Moskvanın yeni enerji layihələrinin həyata keçməsini əngəlləməyə çalışır. Bura "Şimal axını-2" qaz kəməri layihəsi də daxildir.
Hesab edilir ki, "Şimal axını-2" layihəsinin çəkilişi əngəllənərsə, Avropa digər mənbələrdən, o cümlədən Azərbaycandan daha çox qaz almağa çalışacaq. Çünki Avropanın qaza olan tələbatı artmaqda davam edir. Azərbaycan isə Avropa üçün bu gün yeganə yeni enerji mənbəyi sayılır. Bu durumda Azərbaycandan gedən qazın Avropa üçün önəmi daha da yüksəlir. Digər tərəfdən Azərbaycan üzərindən başqa ölkələrdən qaz alınması da Qərbin xüsusi maraq dairəsindədir.
İndilikdə gözlənilən odur ki, ABŞ və Rusiya arasında ziddiyyətlər enerji amilini gedərək daha ön plana çıxaracaq. Bu arada "Röyters" agentliyinin məlumatına görə, ABŞ Konqresinin Senatı Rusiyaya qarşı sanksiyalar haqqında yeni qanun layihəsini tamamlayıb. Rusiyaya qarşı təklif edilmiş sanksiyalar Rusiya banklarının maliyyələşdirilməsinin maksimal müddətinin 14, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin maliyyələşdirilməsinin maksimal müddətinin isə 30 günə qədər ixtisarını nəzərdə tutur. Sənədin ayrı bəndində, həmçinin, "Şimal axını-2" qaz kəməri layihəsinin tikintisinə mane olmaq niyyəti ifadə olunub. Bundan başqa, düzəlişlərin tətbiqindən sonra 180 gün ərzində ABŞ Maliyyə Nazirliyinin başçısı sanksiyaların mümkün nəticələrini təsvir edən məruzəni Konqresə təqdim etməlidir.
Rusiyanı indi ən çox narahat edən məqamlardan biri məhz "Şimal axını-2" qaz kəməri ilə bağlıdır. Məsələ ilə bağlı RİA "Novosti" bildirir ki, ABŞ bütün gücü ilə "Şimal axını-2" layihəsinin tikintisinin dayandırılmasına çalışır. Agentlik Vaşinqtonun bunun üçün Avropa İttifaqına təzyiq etdiyini bildirib: "ABŞ istəyir ki, həm də Avropa İttifaqına öz sıxılmış qazını tədarük etsin. Bu istiqamətdə isə onlar "Qazprom"un böyük müqaviməti ilə üzləşirlər. Ona görə də onlar Avropa bazarında öz rəqiblərindən yaxa qurtarmaq istəyir". Moskva isə istənilən halda "Şimal axını-2" layihəsini həyata keçirməkdə israrlı olduğunu bəyan edir. Layihənin texniki direktoru Sergey Serdyukov hətta bildirir ki, "Şimal axını-2" layihəsi üçün boruların yarısı hazırlanıb.
Onun sözlərinə görə, boruların betonlanması prosesinə iyul ayında start veriləcək. Qeyd edək ki, "Şimal axını-2" qaz kəməri layihəsi Baltik dənizi vasitəsilə ildə 55 milyard kubmetr qazın Almaniyaya çatdırılmasını nəzərdə tutur. Çexiya, Estoniya, Macarıstan, Latviya, Polşa, Slovakiya, Rumıniya və Litva layihəyə qarşı çıxaraq Avropa Komissiyasına məktub göndərib. Onların fikrincə, layihə özü ilə geosiyasi destabilizasiya risqlərini gətirir.
Hazırda Rusiya və Avropa İttifaqını, daha dəqiq ifadə etsək, Rusiya ilə Almaniyanı "Şimal axını-1" kəməri bağlayır. Onun iki paralel xətti fəaliyyətdədir. Birinci xətt 2011-ci ildə işə salınıb. İkinci isə bir il sonra açılıb. Dünyanın ən bahalı boru xətti hesab edilən bu kəmərin uzunluğu 1222 kilometrdir. Kəmər reallaşan zaman onu Avropa İttifaqına üzv dövlətlərin, Avropa Parlamentinin deputatları və digər Avropa strukturları tənqid etmişdi. Onların gətirdiyi arqument də bu idi ki, Rusiya və Almaniya növbəti iri monopoliya və yeni rıçaq yaratmış olublar. Lakin iradlara rəğmən, layihə reallaşdı və Rusiyanın ambisiyaları tək bununla kifayətlənmədi. Hazırda Kreml Almaniya istiqamətində yeni bir layihə reallaşdırmağa çalışır. Qərbdəki ekspertlər bu layihəni birincidən də güclü manipulyasiya silahı adlandırır. Xüsusən də Polşa həyəcan təbili çalmağa başlayıb. Polşa ilə birlikdə Avstriyanın "OMW", Fransanın "Egnie", Almaniyanın "Uniper" və "Winterstall", eləcə də Britaniya və Niderlandın birgə müəssisəsi olan "Shell" konsorsiumu da "Şimal axını-2"dən imtina edib. Əvvəlki planlara görə, Qərb kompaniyaları "Şimal axını-2" layihəsinin xərclərinin bir qismini örtməli idilər. Amma bundan imtina olunub və burada ABŞ-ın mövqeyi də az rol oynamır. Amma "Qazprom" təklikdə bu irimiqyaslı layihəni reallaşdırmaqda israrlı olduğunu bəyan edir. Bununla belə, yaşanan ziddiyyətlər fonunda "Şimal axını-2"nin ən azından nəzərdə tutulan vaxtda həyata keçməsi inandırıcı sayılmır. Məhz bu vəziyyətdə gözlənir ki, Avropa əlavə mənbələrdən, o cümlədən Azərbaycandan daha çox qaz almağa cəhd göstərsin. Azərbaycan qazının Avropanın enerji bazarına daxil olması bu fonda həm də o deməkdir ki, gələcəkdə Avropanın Rusiya qazından asılılığı azaldılacaq. Qeyd edək ki, Avropanın cənub-şərq hissəsinin ümumi illik qaza olan tələbatı təxminən 60-65 milyard kubmetr təşkil edir. Azərbaycanın həyata keçirdiyi TANAP və TAP tam miqyası ilə işə düşəndə həmin ehtiyacın müəyyən hissəsi ölkəmizin hesabına ödəniləcək.
Digər tərəfdən, "Cənub Qaz Dəhlizi" layihəsinə İran və Türkmənistan qazının da daxil olacağı gözlənir. Bu layihə İran və Türkmənistan qazının da Avropanın qaz bazarlarına daxil olmasına münbit şərait yaradacaq. Həmin ölkələr Azərbaycanın aktivində olan ixrac gücləri vasitəsilə karbohidrogen ehtiyatlarını Avropa bazarına çıxara bilər. Bu şəraitdə isə Avropanın Azərbaycana ehtiyacı daha da artmağa başlayacaq.
Tahir TAĞIYEV