Daşdəmir Əliyev: "Dəqiqliklə araşdırılsa, ordularımız arasında Azərbaycanın üstün olduğu fərq bundan da qabarıq nəzərə çarpar"
2017-ci il üçün Ermənistan hərbi güclərin reytinq cədvəlinə görə, 95-cidir. Belə bir xəbəri erməni mediası yayıb. Məlumata görə, bu, "Global Fireporwer" analitik mərkəzinin hesabatında əksini tapıb. Reytinq cədvəlində 132 ölkənin adı var. Ermənistan mətbuatı ölkələrinin qonşularının reytinqə görə daha irəlidə olduğunu etiraf edib. Qeyd olunur ki, 95-ci ildən Ermənistanın qonşularından Gürcüstan 80-ci, Azərbaycan isə 59-cu yerdə qərarlaşıb.
Materialda vurğulanır ki, ilk beşlikdəki ölkələr ABŞ, Rusiya, Çin, Hindistan və Fransadır. Reytinq cədvəli tərtib olunarkən 50 amil, o cümlədən ölkənin havada və sudakı potensialı nəzərə alınıb. Həmçinin insan resursu, maliyyə, coğrafi amillərə önəm verilib.
Ermənistan mətbuatının bu reallığı etiraf etməsi nəyin əlaməti sayıla bilər?
Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, belə araşdırmaları neytral beynəlxalq qurumlar aparırsa, obyektivliyinə inanmaq lazımdır: "Artıq neçənci dəfədir neytral qurumlar tərəfindən aparılan araşdırmalar, müqayisəli təhlillər belə nəticəni ortaya qoymuş olur. Əslində, bunu biz və ermənilər hamıdan gözəl bilirik ki, bizim ordular arasında olan fərq müqayisəedilməzdir. Bundan əvvəl də analoji bir araşdırmanı
Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu hazırladığı "Hərbi balans" hesabatında ortaya qoyub. Həmin hesabatda da Azərbaycan və Ermənistan ordularının müqayisələri yer alıb. Hesabat əsasında Azərbaycan və Ermənistan ordularının müqayisəsinin qrafik təsvirlərindən görünürdü ki, Azərbaycan Ordusu düşməndən müqayisə edilməyəcək səviyyədə irəlidir.
Əlavə olaraq qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi azad edilmiş ərazilərdə erməni əsgərlərinin uzun illər ərzində "yaşayışı üçün" yaradılmış şəraitin əks olunduğu fotomaterialları yaymışdı. Həmin fotolarda Ermənistan ordusunun necə acınacaqlı vəziyyətdə xidmət etdiyini açıq-aydın müşahidə etmək olur.
Fərq müqayisə zamanı daha aydın görünürdü ki, səfalət, qeyri-insani sosial şəraitdə yaşayan Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri ilə müqayisəyə gəlməyəcək dərəcədə imkanlara sahibdir. Tam məsuliyyətilə deyə bilərik ki, Azərbaycan Ordusu bütün parametrlər üzrə düşməndən qabaqdadır. Hətta mənə elə gəlir ki, həmin təhlili aparan qurumların məlumatları tam müfəssəl deyil. Çünki belə məlumatları əldə etmək asan olmur. Dəqiqliklə araşdırılsa, ordularımız arasında Azərbaycanın üstün olduğu fərq bundan da qabarıq nəzərə çarpar".
Məhəmmədəli QƏRİBLİ