Vüqar Qədirov: "Mən qəbul edilən qərarda islahatdan çox qərəz gördüm"
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında "Parlament Assambleyasında məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi" adlı hesabat müzakirəyə çıxarılıb.
İsveçrəli deputat, xanım Lilian Mori Paskyenin hazırladığı hesabatda AŞPA-nın prezidentinin, vitse-prezidentlərinin və komitə sədrlərinin vəzifələrindən çıxarıla bilməsi məqsədilə qurumun daxili prosedurunda dəyişiklik edilməsi nəzərdə tutulur.
Aparılan qızğın müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək AŞPA-nın prosedurunun təşkilatın gələcəyi üçün deyil, hansısa fərdlərin cəzalandırılması məqsədilə dəyişdirilməsi cəhdini "əcinnə ovu" adlandırıb: "Biz Azərbaycan nümayəndəsi olaraq hər zaman AŞPA daxilində islahatların aparılmasını dəstəkləmişik, əvvəllər də qurum daxilində islahatların aparılmasının, davranış kodunun zəruri olduğunu bildirmişik və indi də bunu dəstəkləməkdəyik. Bu islahatların əsas məqsədi təşkilatımızın nüfuzunun bərpa edilməsi olmalıdır. Amma çox qəribə yanaşma var. Necə olur ki, AŞPA-nın üzvü Rene Ruke Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfər etdikdə, assambleyanın bəzi üzvləri Krıma getdikdə, heç kim durub buna qarşı çıxmadı, heç kim demədi ki, bəs bu addımlar təşkilatın nüfuzuna xələl gətirir və s. Amma indi birdən-birə nələrsə dəyişdi və bir çoxları başladılar təşkilatın nüfuzundan danışmağa... Yəni təşkilatın keçmişində də buna oxşar hadisələr olub və həmişə hansısa şəxsin qarşısının alınması üçün belə "islahatlar" aparılıb. Burada açıq deməliyik ki, qurumun daxili nizamnaməsini dəyişməklə, bunu islahatların aparılması naminə deyil, hansısa şəxsə qarşı edirik. Biz doğrudan da qurum daxilində islahatların aparılmasını istəyiriksə, o zaman təşkilatın gələcəyini və bu islahatların bütün 47 üzv ölkə tərəfindən qəbul edilməsini düşünərək hərəkət etməliyik. Amma bunun əksinə olaraq, hansısa şəxsləri cəzalandırmaq üçün dəyişiklik edilirsə, onda bunun adı "əcinnə ovu"dur. Mən bugünkü mövzuya dair çıxış edənlərin siyahısına göz gəzdirdim, erməni nümayəndə heyətinin üzvlərinin çoxu çıxışa yazılıb. Təbii ki, burada kiminsə ifadə azadlığına qarşı çıxmaq fikrimiz yoxdur, amma elə danışırlar ki, guya bunlar təşkilatda islahatlara can atırlar, halbuki, onlar burada sırf öz şəxsi maraqlarını güdürlər".
Çıxışlardan sonra hesabat səsə qoyulub və 154 lehinə, 30 əleyhinə, 13 bitərəf olmaqla, qəbul edilib. Bu hesabatın qəbulundan sonra AŞPA-nın hazırkı sessiyasında qurumun sədri Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılacağı gözlənir.
AŞPA da gedən son prosesləri islahat adlandırmaq olarmı?
Ekspert Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, bunun yalnız adını islahat qoya bilərlər, realda isə islahatdan əsər-əlamət yoxdur: "Biz dəfələrlə bəyan etmişik ki, Avropanın bəzi təsisatları demokratiyadan bir silah kimi istifadə edərək ciddi qanunsuzluqlara yol verir. Hətta belə bir ikili standartlardan əziyyət çəkdiyimizi dəfələrlə bəyan etmişik. P.Aqramuntun sədrliyi dövründə biz ölkəmizə qarşı nisbətən ədalətli yanaşmanın ortaya qoyulduğunun şahidi olmuşuq. Ancaq, görünür, belə obyektiv adamların Avropa qurumlarına sədrlik etməsi bəzi dairələrin marağına uyğun deyil. Aqramuntla bağlı yanaşmada da ikili standartlar aydın özünü büruzə verdi. Onunla bağlı əsas gətirirdilər ki, hansısa arzuolunmaz liderlə görüşüb. Səməd Seyidov doğru olaraq qeyd edir ki, onda Krıma, Dağlıq Qarabağa qanunsuz səfər edən avropalı deputatlar barədə niyə ölçü götürülmür? Məsələnin mahiyyəti aydındır. Belə qurumları özlərindən asılı vəziyyətdə saxlayan bəzi ölkələrə sərf etməyən istənilən deputatı Aqramuntun taleyi gözləyə bilər. Mən qəbul edilən qərarda islahatdan çox qərəz gördüm".
Məhəmmədəli QƏRİBLİ