Bu gün Ermənistanda ən aktiv müzakirə mövzularından biri də Azərbaycanın Rusiyadan aldığı yeni silahlardır. Xatırladaq ki, son iki ayda Rusiyadan Azərbaycana böyük həcmdə silah partiyaları gətirilib və bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi konkret videogörüntülər də yayıb.
Elə bir həftə əvvəl də nazirlik Rusiyadan Bakıya gətirilən növbəti iri silah partiyası barədə məlumat və görüntüləri ictimaiyyətə təqdim edib. Həmin görüntülərə əsasən, Bakı limanına yan alan "Bəstəkar Raxmaninov" quru yük gəmisindən çoxsaylı hərbi texnika və sursat boşaldılır. Özü də qeyd edək ki, nazirliyin yaydığı görüntülərdə əks olunanlar gətirilən silahların hamısı deyil. Belə ki, Rusiya ilə əvvəldən bağlanmış müqavilələr əsasında təkcə iyunun 24-də Bakıya 42 eşelon silah-texnika gətirilib. Bununla bağlı kadrlardan görünür ki, gəmidən boşaldılanlar "Xrizantema-S" tank əleyhinə raket kompleksləri, bu komplekslərdən ibarət batareyanın idarə olunması üçün 9P157-4 komanda-qərargah maşını, "Xrizantema" raketlərinin qablaşdırıldığı konteynerlərdir. Lakin qeyd olunduğu kimi, bunlar gətirilən silahların ancaq bir hissəsidir. Ötən ay isə Rusiyadan Azərbaycana BTR-82A zirehli transportyorlarının böyük partiyası da daxil olmaqla çoxsaylı texnika gətirilmişdi.
Bütün bunlar Ermənistanda böyük qıcıq yaradır. Çünki düşmən bu vəziyyətdə Azərbaycan qarşısında daha gücsüz və aciz duruma düşür. Məsələnin daha bir maraqlı tərəfi də odur ki, alınan yeni silahların böyük əksəriyyəti ümumiyyətlə Ermənistanda yoxdur. Məsələn, elə barəsində bəhs edilən "Xrizantema-S" tank əleyhinə raket kompleksi Rusiyadan başqa cəmi iki ölkənin silahlanmasında mövcud idi. İndi artıq həmin komplekslərdən Azərbaycanda da var və bu da erməniləri kifayət qədər qorxudur. Məsələn, Ermənistanın müdafiə naziri Vigen Sarkisyan Rusiyadan Azərbaycana gətirilən 42 eşelon silah-sursatın onlarda ciddi narahatlıq yaratdığını açıq bəyan edir. O, bu fonda Rusiyanın addımlarını neqativ hal kimi də qiymətləndirib: "Azərbaycana istənilən ölkədən silah çatdırılmasını neqativ qiymətləndirirəm. Bu böyük risqlər yaradır". Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi, başqa vaxtlarda sosial şəbəkələrdə Azərbaycanın hərbi sahədə atdığı istənilən addımı operativ şərh edən Artsurun Ovanisyanın isə məsələyə reaksiyası qısa olub. O, sosial şəbəkələrdə sadəcə bunları yazıb: "Deyəsən "Xrizantema-S" tank əleyhinə raket kompleksləridir".
Siyasi şərhçi Armen Abovyan öz növbəsində vurğulayır ki, baş verənlər Ermənistanın iflasıdır: "Bu bizim iflasımızdır. Ermənistan Rusiya ilə elə münasibətlər sistemi qurmalı idi ki, ruslara ermənilərin düşmənlərinin tərəfində oynamaq sərfəli olmazdı. Amma biz bunu bacarmadıq, Azərbaycan isə bacardı". Qafqaz İnstitutunun rəhbəri, ekspert Aleksandr İsgəndəryan isə deyir ki, Azərbaycan bu silahları çoxdan sifariş vermişdi, sadəcə olaraq gecikmə olub və silahlar indi çatdırılır: "Buna rəğmən, Azərbaycan hərbi üstünlüyünü daha da artırmış oldu. Bu silahların çoxu gəmilərdən birbaşa cəbhə zonasına yola salınır. Cəhədə isə bizim itkilər durmadan artır".
Rusiyalı hərbi ekspert Aleksandr Xramçik də baş verənlər fonunda vurğulayır ki, Azərbaycan Qarabağı qaytarmağa hazırlaşır. Onun sözlərinə görə, Azərbaycan əslində çoxdan Rusiyadan silah alır: "Rusiyanın nöqteyi-nəzərindən bu ticarətdir, çünki Azərbaycan pulunu ödəyərək silahları əldə edir. Lakin Azərbaycanın nöqteyi-nəzərindən bu, gələcək müharibəyə hazırlıqdır". Hərbi ekspert vurğulayıb ki, Azərbaycan silahları əldə etdikcə daha da güclənir: "Müharibəni kimin başlamasının heç bir fərqi yoxdur, lakin əsas olan budur ki, Azərbaycan bir hədəfə hazırlanır - Qarabağı qaytarmaq".
Ekspert vurğulayır ki, Azərbaycanın aldığı "Xrizantema-S"lər onun hərbi üstünlüyünün daha da yüksəlməsində mühüm rol oynayacaq. Məlumat üçün bildirək ki, bu kompleks BMP-3 piyada döyüş maşınının bazasında yığılıb. Raket kompleksi mürəkkəb relyefə malik ərazilərdə saatda 45 kilometr sürətlə hərəkət edə bilər. Şosse yolda isə saatda 70 kilometr sürət yığır, dolu yanacaq çənləri ilə 600 kilometr yürüş məsafəsinə malikdir. "Xrizantema-S" döyüş mövqeyini cəmi 20 saniyədə alır. Bunun üçün maşının dayanması və daim döyüşə hazır olan iki "Xrizantema" raketinin hədəfə buraxılması kifayətdir. Üstəlik, iki raket eyni vaxtda buraxıla və müxtəlif məsafələrdən iki müxtəlif hədəfi vura bilər. Bununla yanaşı, "Xrizantema-S" kompleksi hədəfi operatorun onu görüb-görməməsindən asılı olaraq istənilən hava şəraitində məhv edə bilər. Kompleks buna unikal radiolokasiya sistemi sayəsində nail olur. Radiolokasiya sistemi hədəfi aşkar edir və avtomatik rejimdə raketə komanda verir, bu zaman hədəf yüz faiz məhv edilmiş hesab oluna bilər. Bildirilir ki, dünyada başqa heç bir bu cür texnika nümunəsi analoji sistemə malik deyil.
Üç "Xrizantema-S" kompleksi düşmənin böyük sayda qüvvəsinin qarşısını uzaq məsafədən almağa qadirdir. Bu komplekslər döyüşə başlayaraq düşmənin hücum edən tank rotasının hücumunu poza, cəmi bir neçə saniyədə rotanın tanklarının yarısından çoxunu məhv edə bilər. Özü də bütün bunlar düşmənin özünə gəlib cavab tədbirinə əl atmasına qədər baş verə bilər. "Xrizantema-S" 400 metrdən 6 min metrə qədər hədəfləri vura bilir. Araşdırmalar göstərir ki, "Xrizantema-S" raketinin zərbəsi qarşısında heç bir, o cümlədən ən müasir tank zirehi dayanmaq gücündə deyil. Təbii ki, raket kompleksinin hədəfi təkcə tanklar olmaya bilər, bu hədəflərə həm də yüngül zirehli texnikadan tutmuş istənilən başqa hərəkətli və hərəkətsiz obyektlər, o cümlədən möhkəmləndirilmiş atəş nöqtələri daxildir. Bu fonda "Xrizantema" raketlərindən heç bir tankın yayına bilməyəcəyini nəzərə alan hərbi ekspertlər bu kompleksə "tank qatili" adını veriblər. A.Xramçik isə hesab edir ki, məhz bu texnikanın alınması yaxın gələcəkdə Qarabağda müharibənin başlaya biləcəyinə işarədir: "Azərbaycan müharibədə ciddi şəkildə üstünlük əldə edir və görünən budur ki, Bakının tək müharibə ilə Qarabağı azad etmək planı var".
Azərbaycanın bu raket kompleksini əldə etməsi də qeyd edilənlər fonunda təbii olaraq Ermənistanda ciddi qorxu yaradır. Çünki ərazilərin işğaldan azad edilməsinə yönəlmiş mümkün hərbi əməliyyatlar zamanı, müəyyən istiqamətlərdən hücumla yanaşı, silahlı qüvvələr digər istiqamətlərdə taktiki manevr edə və müdafiə mövqeyi seçə bilər. Məhz bu zaman "Xrizantema-S" kompleksləri düşmənin əks-həmləsinin qarşısını almaq üçün effektiv vasitə sayılır. Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərli də vurğulayır ki, Azərbaycan nə vaxt xaricdən silah alsa, Ermənistan hökuməti qorxuya düşür: "Biz təkcə Rusiyadan deyil, Pakistandan, Çindən, İsraildən, Türkiyədən müxtəlif təyinatlı silahlar almışıq. Ermənilərin narahatlığı sırf Rusiyadan silah almağımızla deyil, ümumiyyətlə, silahlı qüvvələrimizin ən müasir texnikalara yiyələnməsilə bağlıdır. Ona görə silah alışını ordumuzun savaş hazırlığı yox, gündəlik fəaliyyəti kimi dəyərləndirirəm".
Ümumiyyətlə, Ermənistana da yaxşı məlumdur ki, Azərbaycan Ordusu Qarabağ uğrunda böyük savaş üçün çoxdan hazırdır. Buna rəğmən, ordunu daha da gücləndirmək üçün döyüş hazırlığı və təlimləri ilə yanaşı, mütəmadi olaraq yeni silahların alınması da xüsusi diqqət mərkəzində yer alır. Eyni zamanda yeni silah alınması və bununla bağlı videogörüntülər həm də Ermənistana bir mesaj kimi qiymətləndirilir. Xüsusən də Ermənistan döyüşdə tanklardan çox istifadə etdiyi üçün "Xrizantema-S" tank əleyhinə raket kompleksinin alınması və nümayişi düşmənə aydın xəbərdarlıq sayılır. Düşmən bir daha gördü ki, bu komplekslərin böyük partiyasını əldə etməklə Azərbaycan özünün tank əleyhinə silahlanmasını daha da gücləndirmiş oldu. Xatırladaq ki, Ermənistanın tank arsenalı əsasən T-72 tanklarından ibarətdir. İndi Azərbaycanın malik olduğu "Xrizantema-S" kompleksinin qarşısında həmin tanklar sadəcə metallom yığını sayıla bilər.
Bundan başqa, Azərbaycan tank əleyhinə dünyada ən mükəmməl silah sistemlərindən sayılan və İsrailin "Rafael" şirkətinin istehsalı olan "Spike" raketlərinin bir neçə modifikasiyasına da malikdir. Özü də Azərbaycan bunları artıq Qarabağda ötən ilin aprelində uğurla tətbiq edib. Erməni zabitlərinin sonradan etiraf etdikləri kimi, "Qarabağ ordusunun" köhnə T-72 tankları "Spike"ların qarşısında aciz idi və nəticədə düşmənin tankların dəstəyilə itirilmiş mövqeləri geri qaytarmağa hesablanmış əks-hücumu iflasa uğramışdı. Qafqaz İnstitutunun rəhbəri Aleksandr İsgəndəryan da bildirir ki, Azərbaycan bu kimi silahlarla daha güclü mövqe sahibinə çevrilir: "Rusiyanın verdiyi bu silahlarla yanaşı, İsrailin "Spike" raketlərinin Azərbaycana verilməsinə də diqqəti yönəltmək lazımdır. Ötən ilin aprel eskalasiyasında erməni qüvvələri üçün əsas problem "Spike"lar idi. Bu yaxınlarda isə həmin raketin yeni versiyası tətbiq edilib. Məsələ ondadır ki, "Xrizantema" birbaşa görünüş hüdudları daxilində 5-6 kilometr atır, "Spayk"lar isə daha uzaq məsafəyə".
Hadisələrin gedişi ermənilərin əslində silah məsələsində daha çox təşvişə düşməli olacağını göstərir. Belə ki, israilli ekspert, İsrailin Rusiyadakı keçmiş səfiri Tsvi Magen ölkəsinin bundan sonra da Azərbaycana silah satacağını bəyan edir: "İsrailin Azərbaycana etimadı o qədər yüksəkdir ki, ölkəmiz Azərbaycan ordusuna ən müasir və başqa ölkələrin silahlanmasına yönəldilməyən silahları yollamağa hazırdır". Onun sözlərinə görə, iki ölkə arasında hərbi-strateji əməkdaşlığın əsasları yaradılıb: "İsraildə əminlik var ki, Azərbaycana göndərilən müasir silah sistemləri dost olmayan və "problemli" ölkələrin əlinə düşməyəcək. Zaman göstərib ki, Azərbaycan etibarlı tərəfdaşdır. Düşünürəm ki, əməkdaşlıq, eyni zamanda hərbi sahədə əməkdaşlıq yalnız genişləndiriləcək". Ekspertin sözlərinə görə, Azərbaycan istənilən ən yeni İsrail silahını əldə edə bilər: "Aramızda müxtəlif strateji məsələlər üzrə tam qarşılıqlı anlaşma var. İsrail silahının Azərbaycana satışı ölkələrimiz arasında strateji tərədfdaşlığın yalnız bir hissəsidir". Bütün bunlar o anlama gəlir ki, qarşıdakı dövr ərzində Azərbaycan Rusiya ilə yanaşı, İsraildən də yeni hərbi texnika alışını davam etdirəcək. Təbii ki, bütün bunlar Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü daha da yüksəltmiş olacaq.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.