Məhəmməd Əsədullazadə: "Yaranan vəziyyət milli təhlükəsizliyimiz üçün əsas amildir"
Prezident İlham Əliyev Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin "Şərq" İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimində bildirib:
"Azərbaycanda 30-a yaxın hərbi zavod fəaliyyət göstərir və Silahlı Qüvvələrimizin tələbatı böyük dərəcədə ölkəmizdə istehsal edilən hərbi məhsullarla təmin olunur. Bu illər ərzində 1200-dən çox adda hərbi təyinatlı məhsulun istehsalı qaydaya salınıb. Demək olar ki, bu gün Azərbaycan bu istiqamət üzrə də dünya miqyasında öz layiqli yerini tuta bilib. Azərbaycanda güclü hərbi sənaye kompleksi yaradılıb və Şirvan şəhərində bir neçə hərbi müəssisə fəaliyyət göstərir. Təkcə Şirvan şəhərindəki müəssisələrdə 1200 nəfər işlə təmin edilib".
Prezident İlham Əliyev onu da bildirib ki, hər bir ölkədə hərbi sənaye kompleksini yaratmaq üçün bir neçə vacib amil lazımdır: "İlk növbədə vəsait, ondan sonra yeni texnologiyalar lazımdır. Yeni texnologiyaları əldə etmək üçün beynəlxalq əməkdaşlıq da mütləq yüksək səviyyədə olmalıdır. Kadr hazırlığı xüsusi yer tutur. Son illər ərzində bu istiqamətlər üzrə ardıcıl fəaliyyət aparılıb və bu gün Azərbaycan dünya miqyasında artıq hərbi sənaye kompleksinə malik olan aparıcı ölkələr sırasındadır. Bunu, eyni zamanda, təsdiqləyən ölkəmizdə iki dəfə keçirilmiş beynəlxalq hərbi sərgilərdir. Azərbaycan da, həmçinin, bütün aparıcı beynəlxalq hərbi sərgilərdə öz məhsulu ilə iştirak edir. Bunun nəticəsində biz artıq nəinki özümüzü böyük həcmdə təmin edirik, bizdə gözəl ixrac potensialı da yaranıb".
Ümumilikdə, 1200 adda hərbi təyinatlı məhsulun istehsal olunması ölkənin müdafiə gücünün artmasında və əlavə valyutanın daxil olmasında necə rol oynayacaq? Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, hər bir ölkənin müdafiə qabiliyyətinin artmasında onun yerli istehsalı mühüm əhəmiyyət kəsb edir: "Nəzərə alaq ki, Azərbaycan müharibə şəraitində və torpaqlarının bir hissəsi işğal altındadır. Ona görə də ölkəmizin müdafiə sisteminin güclənməsində müdafiə sənayesinin inkişafı üçün böyük işlər görülməlidir. Təbii ki, bu sahədə irəliləyişlər var. Azərbaycan yerli istehsal olan bir çox hərbi təyinatlı məhsul buraxır. Bu, qeyri-neft sektorunun inkişafına, həmçinin, ordumuzun döyüş qabiliyyətinin yüksəlməsinə səbəb olur. Bu gün Azərbaycan silahları dünya hərbi sərgilərində nümayiş etdirilir və bir sıra ölkələrin marağına səbəb olur. Ölkəmiz Ermənistanı müdafiə sahəsində üstələməklə, öz yerli istehsal silahları ilə düşmən üzərində psixoloji qələbə qazanır. Hesab edirəm ki, Azərbaycan heç bir ölkədən hərbi sursat sarıdan asılı olmayacaq. Bu, milli təhlükəsizliyimiz üçün əsas amildir. Təbii ki, Azərbaycan bu döyüş sursatlarını satmaqla valyuta da qazanacaq. Bu gün bir sıra ölkələr silah və sursat satmaqla öz büdcələrini əhəmiyyətli şəkildə formalaşdırır. Azərbaycan da bu imkandan yararlanmaqdadır. Cənubi Afrikadan Avropaya kimi silahlarımızın sərgilərə çıxarılması Azərbaycan brendi kimi tanınmağımızda da xüsusi rol oynayır".
Vidadi ORDAHALLI