Hacı Çələbi xanın uşaqlığı və gəncliyi haqqında məlumatlar çox azdır. Fəqət, hələ Nadir şah sağ ikən üsyan bayrağı qaldıraraq müstəqil Şəki xanlığının əsasını qoyan bir şəxsin heç də adi bir insan olmadığı şübhəsizdir. Çünki minlərlə insanı öz ətrafında toplayaraq Nadir şah kimi qüdrətli bir hökmdara qarşı çıxmaq və bu mübarizədə qalib gəlmək yalnız cəsur, mərd, yenilməz, habelə sözü keçən, xalqın etimad və hörmətini qazanmış bir şəxsiyyətə nəsib ola bilərdi. Hacı Çələbi xan məhz belə şəxsiyyətlərdən idi. O, tariximizə müstəqil Şəki xanlığının yaradıcısı kimi daxil olub. Nüfuzlu ağsaqqal olan Hacı Çələbi sonuncu Şəki hakimi Dərviş Məhəmməd xanın nəslindəndir.
Nadir şah 1736-cı ildə Muğanda Suqovuşan adlı yerdə qurultay çağırmış, burada Səfəvilər sülaləsinin hakimiyyətinə son qoymuş və özünü şah elan etmişdi. Nadir şahın yaratdığı dövlət əslində Azərbaycan dövlətçiliyinin davam və inkişaf etdirilməsi demək idi. Yəni bir türk sülaləsinin hakimiyyəti digər türk sülaləsinin - Əfşarların hakimiyyəti ilə əvəz olunmuşdu və Nadir şah Səfəvilər dövründən qalma bəylərbəylik sistemini ləğv etmiş, əvəzində Azərbaycan adlanan vahid inzibati bölgə yaratmışdı.
Şəki də belə vilayətlərdən biri idi. Bu vilayətin idarəsi məlik Nəcəf adlı bir hakimə havalə edilmişdi. Məlik Nəcəf olduqca acgöz və zülmkar bir şəxs idi. O, Nadir şahın başının müharibəyə qarışmasından istifadə edir, əhalinin üzərinə ağır vergilər qoyurdu. Bütün bunlar Şəki əhalisinin qəzəb və nifrətinə səbəb olur, etiraz dalğası yaradırdı. Şəki camaatı onun zülmünə dözə bilməyib bu vaxt Dərbənddə olan Nadir şaha şikayət edir. Nadir şah da vəziyyəti düzəltmək, əhalinin etimadını qazanmaq üçün Şəki əyanlarına məlik Nəcəfin fəaliyyətinə nəzarət edə biləcək bir səlahiyyətli şəxsi seçib, şahın hüzuruna göndərməyi təklif edir. Bu barədə Azərbaycan tarixçi-salnaməçisi Kərim Ağa Fateh belə yazırdı: "Şəhər əhalisi şahın əmrinə görə məşvərət edir ki, Hacı Çələbinin ata-babalarında böyüklük var və o özü də işbilən bir adamdır. Beləcə, xalq onu vəkil seçib Nadir şahın hüzuruna göndərir. Şah da fərman verib Hacı Çələbini Şəki mahalına vəkil edir ki, məlik Nəcəf onsuz rəiyyətə qulluq həvalə eləməsin." Hacı Çələbinin vəkil təyin edilməsi Şəki əhalisinin sevincinə səbəb olur. Bu, azadlıq hərəkatının qazandığı ilk qələbə demək idi. 1742-ci il may ayının üçüncü cümə günündə bayram əhval-ruhiyyəli Şəki camaatı küçələrə çıxır, müxtəlif oyunlar keçirilən meydançaya axışır. Çoxdan idi ki, Şəki belə bir mənzərənin şahidi olmamışdı. Hacı Çələbi xalqın ona olan etimadından və dəstəyindən istifadə edərək məlik Nəcəfin vəzifəsinə daxil olan bir çox məsələlərə açıq müdaxilə etməkdən çəkinməyəcəyinə söz verir.
Vəziyyəti belə görən məlik Nəcəf Nadir şahın düşərgəsinə gəlir və Hacı Çələbidən şikayət edir. O, uydurduğu fikirləri Nadir şaha belə açıqlayır: "Padşahım, Hacı Çələbi xalq arasında qarışıqlıq yaradır və imkan vermir ki, mən şahın tapşırıqlarını yerinə yetirim. Özü də mənə qulaq asmır, camaatın ağlını sizə qarşı pozur..." Bundan qəzəblənən Nadir şah Hacı Çələbini hüzuruna çağırtdırır. Onun əmri ilə cəllad kəndiri Hacı Çələbinin boğazına keçirərək onu asmaq istəyir. Fəqət, təbiətən qorxmaz və cəsur bir insan olan Hacı Çələbi xan boynu kəndirdə ola-ola Nadir şahı bu ittihamın doğru olmadığına inandıra bilir. O belə deyir: "Məlik şahdan hansı tapşırığı alır-alsın, buna bir neçə başqa tapşırıq da əlavə edir..."
Mənbələrin məlumatına görə, Hacı Çələbinin bağışlanmasında Nadir şahın ağıllı və ehtiyatlı vəziri Mirzə Mehdi xanın da rolu böyük olub. Mirzə Mehdi xan Hacı Çələbiyə baxaraq şaha tərəf əyilir və yavaşdan belə deyir: "Qibleyi-aləm, tələsmə, o sənin əlindədir, nə vaxt istəsən, onu dara çəkdirə bilərsən. O elə əyandır ki, onu öldürmək bizə xeyirli deyil. Burada dağlılarla üz-üzə dayanmışıq, Şirvanda da çaxnaşma var. Öz camaatı arasında çox böyük hörməti olan bu adamı öldürtsən, Şəki mahalında da böyük narazılıq baş verər". Hacı Çələbinin əyilməzliyi, məğrur duruşu Nadir şahı tərəddüdə salsa da, vəzirin söylədikləri ilə razılaşır və edam əmrini ləğv edir. Üstəlik, ona yeni səlahiyyətlər də verir.
Hacı Çələbinin qorxmazlığı Nadir şaha dərin təsir etmiş, onu qorxuya salmışdı. Kərim ağa Fateh bu barədə belə yazır: "Şah gecə fikir eləyib, öz əmirlərinə buyurur ki, mənim hüzurumda bir kəsin həddi yoxdur ki, nəfəs çəkə. Şəkili Çələbi nə cürət sahibi imiş ki, boğazında kəndir ola-ola cürət eləyib mənə bəzi ərzlər etdi. Heç sözündə yanılmadı. Əlbəttə, bundan bir xəta gələcək. Mənim zənnim xəta olmaz".
Nadir şahın zənni doğru çıxır. Şəkiyə qayıdan Hacı Çələbi məlik Nəcəflə mabarizəni davam etdirir. O, hakimiyyəti ələ almaq üçün fürsət axtarır. Məlik Nəcəf də təkhakimiyyətliliyə nail olmaq istəyirdi. Bu zaman Nadir şahdan gələn məktub ona əl-qol açmaq imkanı verir. Nadir şahın adından yazılan məktubu vəziri Mirzə Mehdi xan imzalamışdı. Məktubdan aydın olurdu ki, yayın ortalarında Nadir şah Dağıstana yürüş edəcək. Məlik Nəcəfə əmr olunurdu ki, düşərgəyə çoxlu ərzaq göndərsin.
Bu məktub Nəcəf üçün sanki göydəndüşmə olur. O, Hacı Çələbi ilə məsləhətləşmədən, şahın düşərgəyə çoxlu ərzaq gətirmək tələbini bəhanə edərək, əlavə vergilər toplamaq göstərişi verir. Bu özbaşınalığın nə ilə nəticələnəcəyini başa düşən xəzinədar məlik Nəcəfə Hacı Çələbi ilə məsləhətləşməyi tövsiyə edir. Fəqət, bu nəticəsiz qalır. Əhalinin narazılığından istifadə edən Hacı Çələbi məlik Nəcəfə mane olmağa başlayır. Məlik Nəcəf isə yenidən şaha şikayət edir. Qəzəblənən Nadir şah Hacı Çələbiyə hüzuruna gəlmək əmrini göndərdi. Fəqət, uzaqgörən Çələbi xan başa düşür ki, Nadir şah bu dəfə onu sağ buraxmayacaq. Ona görə də 1743-cü ildə ətrafındakı sadiq adamlarla birlikdə məlik Nəcəfin iqamətgahına hücum edərək onu öldürür. Bundan sonra o, Şəkini müstəqil xanlıq elan edir. Bununla da Azərbaycan ərazisində kiçik dövlət qurumlarının - müstəqil xanlıqların yaranması prosesi başlanır. Belə bir fakt xüsusi qeyd olunmalıdır ki, müstəqil xanlıqların əksəriyyəti Əfşar imperatorluğunun süqutundan sonra yarandığı halda, Şəki özünün istiqlaliyyət məsələsini xeyli əvvəl - Nadir şahın hakimiyyəti illərində həll etmişdi. 1744-cü ilin qışında Nadir şah öz qoşununu qiyamçı Hacı Çələbinin üzərinə göndərir. Hacı Çələbi isə bunu əvvəlcədən gördüyünə görə "Gələsən-görəsən" adlandırılan möhkəmləndirilmiş və təchiz olunmuş məşhur qalaya çəkilir.
Nadir şah 15 minlik seçmə qüvvə ilə sürətlə qala üzərinə yeriyir. Şəkililər tez-tez qaladan gözlənilməz çıxışları ilə Nadir şahın qoşununa ciddi zərbə vurduğundan, o, mühasirə işini təşkil edə bilmir. Şəkililər rəqibə canlı itkilər verməklə yanaşı, onun hərbi sursat və silahlarını, ərzaq ehtiyatını da ələ keçirməyə müvəffəq olurlar. Vəziyyəti belə görən Nadir şah ordunu geri çəkir və Bərdədə iqamətgah qurur. Orada möhkəmləndikdən sonra 30 minlik qoşunla 1744-cü ilin sonunda Dərbəndə yola düşür. 1745-ci ilin fevral ayında yenidən Hacı Çələbinin üzərinə hücum edir. "Gələsən-görəsən" qalasının mühasirəsi bu dəfə də onları məyus edir. Bundan qəzəblənən Nadir şah qədim Şəki və ətrafındakı kəndlərin yandırılmasını əmr edir. Fəqət, bu tədbir də şəkililərin mübarizə əzmini qıra bilmir. Hacı Çələbi xan uzun zaman "Gələsən-görəsən" qalasında ağır məhrumiyyətlərə tab gətirərək Nadir şahın hər cəhətdən üstün olan ordusuna müqavimət göstərir. Nəhayət, 1746-cı ilin martında Hacı Çələbi ilə Nadir şah arasında müqavilə bağlanır. Müqaviləyə əsasən, Nadir şah məlik Nəcəfin qohumlarından birini Şəkiyə məlik təyin edir. Eyni zamanda Hacı Çələbiyə də məlik səlahiyyətləri verir. Bu artıq Hacı Çələbinin qələbəsi demək idi. Çünki bir ildən sonra Gəncə, Naxçıvan və İrəvan hakimləri də Nadir şahdan üz döndərdikdə Hacı Çələbi artıq müstəqilliyini möhkəmləndirmək üçün qəti addımlar atacaqdı.
1748-ci ildə Nadir şah sui-qəsd nəticəsində öldürülür. Bu hadisə Hacı Çələbibin qəti olaraq Şəki xanlığında təkbaşına hakimiyyətə yiyələnməsini təmin edir. Öz xalqını, Vətənini dərin məhəbbətlə sevən, onun istiqlalı üçün canından keçməyə hazır olan Hacı Çələbi xan doğma torpaqlarımızı vahid dövlətdə birləşdirmək istəyirdi. Bunun üçün tələb olunan siyasi iradə, qətiyyət və əzmkarlıq Çələbi xanda var idi.
Hacı Çələbi xanın getdikcə güclənməsini böyük təhlükə hesab edən "qara donlu kafirlər" - Kartli çarı Teymuraz və onun oğlu, Kaxetiya çarı II İrakli yeni planlar hazırlayır. Onlarda belə bir məlumat vardı ki, bir sıra Azərbaycan xanları - Pənah xan Qarabağlı, Kərim xan Qaradağlı, Heydərqulu xan Naxçıvanlı və Şahverdi xan Gəncəli bir araya gələrək, Hacı Çələbi xana qarşı ittifaq yaratmağı qərara alıblar. Hiyləgər düşmən bu hadisədən yararlanmağı qərara alır. Gürcüstandan ayrı-ayrı xanların yanına elçilər göndərilməyə başlanır. Nəhayət, onlar 1752-ci ildə Gəncə yaxınlığında Qızılqaya adlanan yerdə toplaşaraq Şəki xanlığı üzərinə yürüş etmək barədə razılığa gəlirlər.
II İraklidən cavab gəldikdən sonra müttəfiq xanlar təcili olaraq yürüş hazırlığı görür. Onlar çoxlu əsgər toplayır və hamısı birləşib hərəkət bayrağını qaldırır. Qızılqayada salınmış ordugahın çadırlarının qızılı qübbələri günəşin parlaq şüaları altında bərq vururdu. II İraklinin namərdliyi burada da üzə çıxır. O, Gəncəni və Qarabağı tutmaq üçün müttəfiqi hesab etdiyi xanları əsir götürür.
Hacı Çələbi xan isə bu vaxt xanlıqda quruculuq işləri aparırdı. Qurcana çayı boyu uzanan daş yolun sağında bişmiş kərpicdən üçmərtəbəli karvansara binası ucaldılırdı. Ticarətin inkişafında karvansaraların rolunu yüksək qiymətləndirən xan bu binanın inşasının tezliklə başa çatdırılmasına çalışırdı. O, hər gün buraya gələrək işin gedişi ilə maraqlanırdı. Həmin gün də orada idi. Qasid xəbər gətirir ki, xanlar II İrakli ilə ittifaq bağlayıb Şəki xanlığı üzərinə yürüşə hazırlaşır. Çələbi xan vaxt itirmədən saraya gəlir. Məşvərət məclisi toplanır. Qərara alınır ki, qoşun yığılsın və düşmən Şəki torpağında deyil, Kür çayının o biri sahilində qarşılansın.
Qışın axırı idi. Novruz bayramına az qalmışdı. Hava olduqca xoş və mülayim idi. Hər yanda baharın ilıq nəfəsi duyulurdu. Qarı ərimiş taxıl zəmilərində baş qaldırmış novruzgülü öz zərifliyi ilə göz oxşayırdı. Çələbi xanın göstərişilə qoşun Kürün sahilində - Mingəçevir keçidində düşərgə salıb döyüş hazırlığı almışdı.
Mənbələrdən aydın olur ki, Şahverdi xanın nökəri bu hadisəni Çələbi xana çatdırmaq üçün aradan çıxa bilir. Onu Çələbi xanın yanına gətirirlər. Nökər xanın hüzurunda baş əyərək həyəcanla: "Xan baba, vali (II İrakli nəzərdə tutulur) xanları əsir etdi" - deyir. Bu xəbər Hacı Çələbini sinirləndirir. O belə cavab verdi: "Xan baban onları xilas edər, onları qurtarmaq üçün müharibəyə, davaya girişər".
Hacı Çələbi xanın ətrafında olan yaxın adamları bildirirlər ki, xanlar elə törətdikləri xəyanətin layiqli cavabını alıblar. Onları xilas etmək lazım deyil. Fəqət, öz soydaşlarının namərd gürcü çarı tərəfindən əsir götürülməsindən təsirlənən Hacı Çələbi xan onlarla razılaşmır. Eyni zamanda Azərbaycan dövlətçiliyinə xas olan Məşvərət məclisinin razılığı olmadan qərar qəbul etməyən Şəki xanı bu məsələni müşavirə yolu ilə həll etmək qərarına gəlir. Buna görə də Məşvərət məclisini açmazdan öncə Hacı Çələbi xan sonradan zərb-məsələ çevrilmiş bu məşhur cümləni söyləyir: "Nə qərar qəbul edirsinizsə-edin, içərisində Kürü keçmək olsun".
Belə olduqda əmirlər məşvərətə başlamaqdan imtina edərək deyirlər: "Biz məşvərətə ancaq ona görə gəlmişdik ki, iş Kürü keçmək dərəcəsinə çatmasın. Ancaq Siz istəyirsinizsə, onda qoy belə olsun. Qoşuna əmr edin ki, hücuma keçsin". Hacı Çələbi xan qoşunlara Kürü keçmək əmrini verir. Şeyx Nizaminin qəbri yaxınlığında baş verən bu şiddətli döyüş dövrün tarix salnaməsində öz əksini belə tapıb: "Hacı Çələbi xan qoşun götürüb gedib Şəmkir tərəfində vali ilə dava edib, vali çox pis basılıb, çox adamı ölüb. Hacı Çələbi o dörd xanı da valinin əlindən alıb, mürəxxəs eləyib, onlar öz ölkələrinə gediblər". Bu hadisə tariximizdə "Qızılqaya xəyanəti" adı altında özünə yer alıb.
Hacı Çələbi xan yaranmış bu fürsətdən başqa cür də faydalanıb. Şəmkir, Tovuz və Qazax igidlərinin də qoşulduğu ordu II İraklini təqib edərək tarixi Azərbaycan torpağı olan Borçalını işğaldan azad edib. Hacı Çələbinin oğlu Ağakişi bəy buranın hakimi olub.
Hacı Çələbi xanın yaratdığı Şəki xanlığı özünün varlığını bir müddət qoruyub saxlaya bilir. Tarixi şəxsiyyət Hacı Çələbi xan isə 1755-ci ildə gördüyü işlərdən razı halda dünyasını dəyişir...
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU professor