Vüqar Qədirov: "İş yekun mərhələyə çatıbsa, deməli, Azərbaycan qüdrətini ortaya qoymağı bacarıb"
Azərbaycanda həbsdə olan Rusiya, Ukrayna və İsrail vətəndaşı Aleksandr Lapşinin iyunun 22-də məhkəməsi başlayıb. Hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Məhkəməyə hakim Əlövsət Qasımov sədrlik edib. Məhkəmədə Aleksandr Lapşinin anket məlumatları dəqiqləşdirilib. A.Lapşin bildirib ki, 1976-cı il təvəllüdlüdür, himayəsində 2 yaşlı övladı var, özü də üç ölkənin - Rusiya, Ukrayna və İsrailin vətəndaşıdır. Daimi yaşayış yeri isə İsraildədir. Məhkəmədə İsrail və Ukrayna səfirliklərinin nümayəndələri iştirak edib.
A.Lapşinin hüquqlarını vəkil Eduard Çernin müdafiə edir. A.Lapşin Azərbaycan dilini bilmədiyinə görə tərcüməçi ilə təmin olunub. Vəkilindən və Lapşinin özündən hər hansı vəsatəti olub-olmadığı soruşulub.
"Həbs-qətimkan tədbirinin dəyişdirilməsi məsələsini qaldırardım. Amma onun Azərbaycanda yaşayış yeri olmadığına görə bu barədə vəsatət qaldırmağın mənası yoxdur", - deyə vəkil bildirib.
Lapşinin anket məlumatlarından da görünür ki, o, 3 ölkənin vətəndaşlığını daşıyır. İstintaq dövründə biz hər üç ölkənin, hətta başqa qurumların Azərbaycana Lapşini buraxmaqla bağlı etdiyi təzyiqlərin şahidi olduq. Ancaq iş bu mərhələyə gəlib çatıbsa, demək ki, Azərbaycan haqlı mövqeyində israrlı ola bilib. Lapşin işinin məhkəmə baxışına gətirilib çıxarılması Azərbaycan dövlətinin qüdrətinin göstəricisi sayıla bilərmi?
Ekspert Vüqar Qədirov qəzetimizə bildirdi ki, Lapşin işi Azərbaycan üçün olduqca önəmli dividendlər gətirdi:
"Bu, bir neçə dövlətin və beynəlxalq qurumların nəzarətində olan məsələdir. Prezidentin köməkçisi cənab Əli Həsənov da boşuna demədi ki, Lapşinin səhhəti, onun saxlanma şəraiti nəzarət altındadır. Yəni çox həssas məsələ olduğuna görə Azərbaycan dövlətçiliyimiz əleyhinə cinayət halına yol verən bir şəxsə qarşı diqqətli mövqe sərgiləyir. Azərbaycan mümkün olan mübarizəsini davam etdirir. Sirr deyil ki, Lapşinin səfər etdiyi yerlər Azərbaycan ərazisidir və bunu bütün beynəlxalq təşkilatlar da belə qəbul edir, qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımırlar. Tamamilə hüquqidir ki, Azərbaycanda mühakimə edilsin. Lapşinin gələcəkdə hansısa bir dövlətə təhvil verilməsi dövlətlərarası məsələlərdən asılıdır. Bu mümkündür və ola bilsin ki, həyata keçirilsin. Onun ekstradisiyasından sonra beynəlxalq aləm anladı ki, Azərbaycan ərazilərimizə qanunsuz səfər edən şəxsləri cəzalandırmaq gücündədir. Doğrudur, bununla bağlı Azərbaycana ciddi təzyiqlər edildi. İş yekun mərhələyə çatıbsa, deməli, Azərbaycan qüdrətini ortaya qoymağı bacarıb".
Məhəmmədəli QƏRİBLİ