Aqşin Əliyev: "Çünki Suriyada baş verən münaqişə daha çox dini və təriqət zəminindədir"
Rusiya Dövlət Dumasının müdafiə komitəsinin rəhbəri Vladimir Şamanov müsahibəsində bildirib ki, ölkəsi Qazaxıstan və Qırğızıstanla birgə Suriyaya qoşun göndərmək məsələsini müzakirə edir: "Biz istəyirik ki, həmin ölkələrdən cəlb etdiyimiz kontingenti Siriyada asayişin bərpasına cəlb edək".
Rusiyanın bu istəyi nə ilə bağlıdır və gələcək üçün nə vəd edə bilər?
Ekspert Aqşin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Rusiyanın bu addımlarının konkret hədəfləri var: "Bundan bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi İbrahim Kalın bildirdi ki, Suriyada Rusiya və Türkiyə kontingenti birgə iştirak edə bilər. Elə həmin açıqlamasında Türkiyə rəsmisi Rusiyanın Qazaxıstan və Qırğızıstanla bağlı niyyətinin olduğunu da bildirdi. Hələlik həmin ölkələrlə konkret hansısa razılıq əldə edilməsə də, Rusiya istəyirsə bu olacaq. Çünki Qırğızıstan bütün müqavilələr üzrə Rusiya ilə yaxın müttəfiqdir. Qazaxıstan isə iqtisadi cəhətdən Rusiyadan çox asılıdır. Bu yaxınlarda Rusiya hətta onun xeyli miqdarda dövlət borcunu da sildi. Rusiya Suriya ilə bağlı bir müddət əvvəl öz vətəndaşları olan sünni müsəlmanları ora aparmaq niyyətini açıqladı. Qırğız və qazaxlar da sünni məzhəbindən olan müsəlmanlardır. Onların asayişi bərpa etməyə cəlb olunmasının yerli əhalidə qıcığa səbəb olmayacağını əsas götürərək bu addımlar atılır. Çünki Suriyada baş verən münaqişə daha çox dini və təriqət zəminindədir. Həmin prosesə elə bilirəm ki, Türkiyə də etiraz etməz. Çünki sözügedən ölkələr həm də türkdilli dövlətlər sırasına aiddir. Rusiya Suriyada ciddi marağının olduğunu heç vaxt gizlətməyib. Bu səbəbdən də bütün mümkün vasitələrlə çalışır ki, prosesi özünə sərf edən istiqamətə yönəltsin. Qazaxıstan və Qırğızıstanı da bu prosesə cəlb etmək həmin niyyətdən qaynaqlanır. Yəqin ki, yaxın zamanda biz bu layihənin reallaşdığının şahidi olacağıq".
Məhəmmədəli QƏRİBLİ