Elşən Mustafayev: "Həmin qurumlar atəşkəsin pozulması ilə status-kvonun dəyişməsindən narahatdırsa, onda ortaya ciddi fəaliyyət qoymalıdır"
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində qurbanlara səbəb olan son atəşkəs pozulması göstərir ki, status-kvo dayanıqsızdır. Bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin yaydığı bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, 2 ölkənin liderləri atəşkəs rejiminin saxlanmasına və münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdar olduqlarını dəfələrlə bəyan ediblər.
"Aİ həm sözdə, həm də əməldə gərginliyin azaldılmasını və təmkinlik göstərilməsini gözləyir. Təşkilat ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini tam dəstəklədiyini bildirir və münaqişə zonasında gərginliyin azaldılması üçün tərəfləri dərhal tədbirləri müzakirə etməyə çağıran 19 iyun tarixli bəyanata qoşulur", - bəyanatda deyilir.
Qeyd edək ki, bundan əvvəl də Avropa qurumları status-kvonun dayanıqsız olması barədə bəyanatlar verib. Bu nə deməkdir?
Ekspert Elşən Mustafayev qəzetimizə bildirdi ki, əslində, bu ifadənin özü mübahisəlidir: "Çünki münaqişə tərəflərinin status-kvo ilə bağlı tamamilə fərqli mövqeləri var. Ermənistan onun qorunub saxlanmasını istəyir. Azərbaycan isə bütün danışıqlarda status-kvonun dəyişməli olduğunu diqqətə çatdırır. Münaqişədə vasitəçilik edənlər isə status-kvonu dəyişmək istiqamətində heç bir əməli tədbir görmür. Avropa institutları bir neçə dəfə status-kvonun dəyişməli olmasına dair rəylər verib. Dayanıqsızlığın ifadə olunması isə atəşkəsin mütəmadi pozulması ilə əlaqədar qeyd edilir. Görünür ki, bu dayanıqsızlıq onları narahat edir. Onda belə çıxır ki, qorunub saxlanmasında maraqlıdırlar? Təbii ki, bu da Azərbaycana sərf etmir. Ancaq belə vəziyyət heç də o anlama gəlmir ki, Azərbaycan status-kvonu dəyişmək üçün təxribata əl atır. Cəbhədə baş verən son hadisələr bir daha göstərdi ki, atəşkəsin pozulmasında birbaşa olaraq Ermənistan maraqlıdır. Avropa qurumları status-kvonun dayanıqlı olmamasında maraqlı olmalıdır. Dayanıqlılıq münaqişənin həllini uzadır. Təbbi ki, onun da dəyişməsi üçün vasitəçilik missiyasını üzərinə götürən ölkələr Ermənistana təzyiqləri artırmalıdır. Həmin qurumlar atəşkəsin pozulması ilə status-kvonun dəyişməsindən narahatdırsa, onda ortaya ciddi fəaliyyət qoymalıdır. Yoxsa, yalnız sakitliyin təminatında maraqlı olanların mövqeyi bizə sərf etmir".
Məhəmmədəli QƏRİBLİ