Ordumuzun iyunun 19-dan başlayan genişmiqyaslı təlimləri həm Ermənistan, həm də beynəlxalq miqyasda diqqətlə izlənməkdədir. Bunun əsas səbəblərindən biri də Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin Ermənistanın mövqeyi üzündən mümkünsüz hala gəlməsi və cəbhədə gərginləşən vəziyyətdir.
Hesab edilir ki, bu vəziyyətdə Azərbaycanın Ermənistanın həyata keçirdiyi işğal siyasətinə güc vasitəsilə son qoymasından başqa çıxış yolu qalmır. Təlimlər isə müharibənin baş məşqi sayılır və bu fonda həmin təlimlərin miqyası da düşməndə ciddi qorxu hissi yaradır.
Xatırladaq ki, son təlimlərdə döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanması həyata keçirilir. Təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub. Düşmən ölkədə hesab olunur ki, bütün bunlar Azərbaycanın güc nümayişi və xəbərdarlığıdır. "İravnuk" qəzeti yazır ki, Azərbaycan Qarabağ məsələsini qısa müddətdə həll etməkdə israrlıdır: "Bakı ya danışıqlar, ya da hərb yolu ilə nəticələr əldə etmək istəyir. Bunun üçün hər iki cəbhədə təzyiqlərini gücləndirib. Ermənistanın isə buna sona qədər müqavimət göstərə biləcəyi indiki hakimiyyətin siyasəti sayəsində böyük sual altındadır".
Beynəlxalq ekspertlər də İrəvanın durumunun yaxşı olmadığını, danışıqlardan yayınmağa davam edəcəyi təqdirdə Ermənistanın məğlubiyyəti ilə müşqayiət olunacaq müharibənin qaçılmaz olduğunu bildirir. Rusiya İctimai Palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov da vurğulayır ki, Qarabağda aprel döyüşlərinin yenidən təkrarlanması ehtimalı var:"Hərbi təlimlərin keçirilməsinə də bu kontekstdən baxa bilərik". Onun sözlərinə görə, ötən il "Kazan düsturu" üzrə əldə olunan razılaşmalar pozulub: "Xatırladım ki, "Kazan düsturu" Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasını, əvəzində Ermənistanın blokadadan çıxarılmasını, regionda ATƏT-in nəzarəti ilə silahsızlaşdırma prosesinin başlanmasını nəzərdə tuturdu. Bir il öncə tərəflər bütün bunlar haqqında, demək olar ki, razılaşdılar, lakin sonradan danışıqlar təxirə salındı". S.Markov qeyd edib ki, danışıqların ləğv olunması yeni müharibənin real təhlükəsini yaradır: "Hər iki tərəf buna hazırlaşır. Azərbaycan göstərmək istəyir ki, ordusu kifayət qədər güclüdür və sülh danışıqlarında irəliləyiş olmasa, problemi hərbi yolla həll edəcək". S.Markov beynəlxalq vasitəçilərin münaqişənin həlli istiqamətində fəal işləməyi dayandırdığına diqqət çəkib. Qeyd edib ki, danışıqlar prosesindən heç bir xəbər yoxdur: "Bu baxımdan düşünürəm ki, yeni müharibə başlayarsa, ATƏT-in Minsk Qrupu bunu dayandıra bilməyəcək".
Bu arada beynəlxalq təşkilatların Qarabağ münaqişəsi ilə bağlı bir-birinin ardınca verdiyi açıqlamalar da əslində indiki durumdan dünyanın ciddi narahatlıq keçirdiyini üzə çıxarır. Hətta bu məsələ ATƏT-in Minsk Qrupunun regiona son səfərlərinin yekunu ilə bağlı verdikləri bəyanatda da öz əksini tapıb. BMT baş katibi Antoniu Quterrişin bəyanatında da bu narahatlığı aydın sezmək mümkündür. O qeyd edir ki, BMT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin son pozulması ilə əlaqədar ATƏT-in Minsk Qrupunun narahatlıqlarını bölüşür: "Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin tərəfləri növbəti gərginlikdən yayınmağa və gərginliyi azaldacaq tədbirləri nəzərdən keçirməyə dair çağırışını təkrar edirik. Biz həmçinin həmsədrlərin tərəfləri substantiv, xoşniyyətli və siyasi iradə nümayişi ilə danışıqlara səsləyən fikrinə qoşuluruq. Birləşmiş Millətlər Təşkilatı, lazım olarsa, belə səyləri dəstəkləməyə hazırdır".
Eyni narahatlığı Avropa İttifaqı da nümayiş etdirir. Qurumun Xarici siyasət xidmətinin mətbuat katibi Maya Kosyançiç bildirir: "Avropa İttifaqı gərginliyin azaldılmasını, dözümlülüyə fəaliyyətdə və sözdə əməl edilməsini gözləyir. Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli və atəşkəs rejiminə əməl edilməsi ilə bağlı dəfələrlə bəyanat veriblər. Bunu nəzərə almaq lazımdır. Avropa İttifaqı Minsk Qrupu həmsədrlərinin səylərini tamamilə dəstəkləyir, onların iyunun 19-da münaqişə bölgəsində və Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması çağırışına, eləcə də mövcud danışıqlara məsuliyyət və siyasi iradə ilə yenidən qoşulur".
Bu günlərdə ABŞ Dövlət Departamenti də Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış gərginlikdən narahatlığını dilə gətirdi. Bu xüsusda verilən bəyanatda bildirilir ki, sülh danışıqlarının alternativi yoxdur və münaqişənin nizama salınması Helsinki Yekun Aktı çərçivəsində ola bilər. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında, həmçinin, Rusiyanın mövqeyi və regionda baş verən son hadisələrin qiymətləndirilməsi əks olunub. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi daim Rusiya XİN-in diqqət mərkəzindədir.
Beləliklə, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsini diqqət mərkəzində saxlamaqla yanaşı, həm də konflikt ətrafında mövcud durumdan ciddi narahatlıq ifadə edir. Həmçinin diqqət ona yönəldilir ki, Azərbaycanın tələb etdiyi kimi, məsələnin həlli üçün substantiv danışıqlara başlamaq lazımdır. Əks halda yeni müharibə qaçılmaz olacaq və bu halda Ermənistanın döyüş meydanında tək qalacağı düşmən ölkənin özündə də açıq şəkildə vurğulanır. Erməni siyasi şərhçi Musa Mikaelyan bu durumda ABŞ Dövlət Departamentinin bəyanatı fonunda məsələyə maraqlı tərəfdən nəzər salır. O vurğulayır ki, Dövlət Departlamentinin son bəyanatı Ermənistanda narahatlıq yaradıb. Erməni siyasi şərhçi yazır ki, Qarabağla bağlı bəyanat fonunda ABŞ və Çin Şimali Koreyanın nüvə proqramı üzrə danışıqlar aparır: "Bu onu göstərir ki, Tramp administrasiyası üçün hazırda əsas prioritet Şimali Koreyadır. Hətta Vaşinqton bildirir ki, ehtiyac olacaqsa, hərbi müdaxilə yolunu da seçəcək. Çinlə aparılan danışıqların məqsədi də odur ki, Pekin hərbi müdaxilənin olmaması üçün təsir rıçaqlarından istifadə edərək, Pxenyanı fikrindən daşındırsın. Bu o deməkdir ki, ABŞ üçün Dağlıq Qarabağ problemi prioritet deyil. Deməli, məsələ Rusiyanın təsiri altında qalacaq". Mikaelyan hesab edir ki, Rusiya Qarabağ məsələsində təsir gücünü saxladıqca proseslər Ermənistanın əleyhinə işləyir: "Bunun acı nəticəsi ilə qarşılaşmışıq. Rusiya Bakı-Moskva əməkdaşlığına Ermənistanın maraqlarından daha çox üstünlük verir".
İndilikdə Moskvanın əsas niyyəti erməni tərəfinin işğal altındakı əraziləri tədricən azad etməsidir. Kremldə hesab edilir ki, bu vəziyyət Ermənistanın iqtisadi blokadadan çıxmasına gətirib çıaracaq və Kremlin bu ölkə ilə bağlı iqtisadi yükü azalacaq. Amma Ermənistanın Rusiyanın bu istəyinə müqavimət göstərməsi Moskvada ciddi etirazla qarşılanır və bu vəziyyətdə hərbi əməliyyatların yneilənməsi fonunda İrəvanın döyüş meydanında tək qalması qaçılmaz sayılır. Aydındır ki, bu durumda Azərbaycan Ordusu qısa zaman kəsiyndə daha çox ərazini düşməndən azad edəcək. Bunu sabiq dövlət müşaviri Qabil Hüseynli də təsdiq edir. O bildirib ki, Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü təmin etmək üçün malik olduğu bütün imkanlardan istifadə edəcək: "Azərbaycan Ordusunun doktrinasını müəyyən edən Ali Baş Komandandır. Hazırda ordumuz Müdafiə naziri Zakir Həsənovun fəal iştirakı ilə hazırlanan taktika üzrə hərəkət edir. Bu taktika üzrə təmas xətti boyunca düşmənin fəallığının qarşısı alınır. Bundan sonra da Ermənistanın təxribatlarına adekvat cavablar veriləcək. Düşmənin bir diversiya hərəkəti erməni qoşunları içərisinə daha çox diversiya qruplarının göndərilməsilə kompensasiya edilir. Artıq son 1 ayda Azərbaycan Ordusu dəfələrlə düşmənin həm zirehli texnikasını, həm də canlı qüvvəsini bu taktika ilə məhv edib. Bu taktika indi özünü doğruldur. Ola bilsin, gələcəkdə vəziyyət başqa bir hərbi taktikanın tətbiqini tələb etsin. Ancaq Azərbaycanın məqsədi Ermənistanı sülh danışıqlarına məcbur etməkdir. Bu mübarizə düşməni dinc qoymamaq, gözünün odunu almaq və psixoloji üstünlüyə nail olmaqdan ibarətdir ki, bu da lokal hərbi əməliyyatların keçirilməsi və birmənalı üstünlüyün qazanılması nəticəsində erməni cəmiyyətində və ordusunda panikaya səbəb olur". Politoloqun sözlərinə görə, yeni təlimlər döyüş əməliyyatlarına yaxınlaşdırılmış bir şəraitdə həyata keçirilir: "Bu isə qarşıda yeni qələbə və ərazilər deməkdir".
Aydındır ki, bütün bunları erməni tərəfi də yaxşı görür. Düşmən həm də onu yaxşı bilir ki, kənardan dəstək olmasa, cəbhədə daha çox itki verəcək və belə vəziyyətdə Ermənistan daxilində vəziyyət qarışacaq. Hələlik isə, ekspertlərə görə, ermənilər istənilən an Azərbaycandan daha ağır zərbələr almağa hazır olmalıdır. Xatırladaq ki, Müdafiə Nazirliyi də Ermənistana xəbərdarlıq edərək bildirib ki, düşmənə növbəti sarsıdıcı zərbə vurulacaq. Bütün bunlardan qaçmaq üçün Ermənistan, Azərbaycanın təklif etdiyi kimi, substantiv danışıqlara başlamalıdır. Amma indilikdə görünən odur ki, İrəvan Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status-kvonu saxlamağa çalışır. Rəsmi Bakı isə bunun yolverilməz olduğunu bildirərək diqqəti ona yönəldir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu şəraitində vəziyyət gərgin müstəvidə qalmaqda davam edəcək. O da vurğulanır ki, düşmən işğal altındakı əraziləri tədricən tərk etməlidir. Digər tərəfdən beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və hazırda danışıqlar masasında olan təkliflər də Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir. Düşmənin bu tələbə əməl etməməsi isə hərb variantı ilə Qarabağ münaqişəsinin həllini qaçılmaz edir.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.