Suriyada ABŞ tərəfindən Bəşər Əsəd qüvələrinə məxsus təyyarənin vurulmasına Rusiyanın qəzəbli reaksiyasından sonra Moskva və Vaşinqtonun münasibətlərini hərb müstəvisində çözə biləcəyinə dair indi Amerika mediasında çoxsaylı xəbərdarlıqlar edilməkdədir. Amma yazılanlardan həm də o da aydın olur ki, əslində, tərəflər arasında gərginliyin artmasına səbəb Suriyada İŞİD məhv edildikcə Rusiya və ABŞ-ın dəstəklədiyi qüvvələrin faktiki olaraq artıq üz-üzə gəlməsidir.
Qeyd edək ki, bu günlərdə Suriyanın hökumət qoşunları aviasiya və artilleriyanın dəstəyilə Dəməşqin cənub-şərqində daha 5 rayonu terrorçulardan azad edib. Məlumata görə, Suriya ordusu Dəməşqin cənub-şərq ətrafında yerləşən Bir Kaseb, Hurbet Kaseb, Tulyul ər-Ravabi, Sarihi və İrinba rayonları üzərində nəzarəti geri qaytarıb. Döyüş nəticəsində terrorçular itki verib, onların atəş mövqeləri məhv edilib. Geri çəkilən yaraqlılar çoxlu sayda döyüş sursatları qoyub qaçıblar.
Beləliklə, indiki vəziyyətdə İŞİD-in əlindən xeyli ərazi geri alınıb. Amma belə vəziyyət artıq ABŞ və Rusiyanın dəstəklədiyi qüvvələri də üz-üzə gətirib. ABŞ-ın "The National Interest" nəşri yazır ki, bu vəziyyətdə nə Rusiya, nə də Amerika geri çəkilməyi düşünür. Elə Suriya təyyarəsinin vurulması da bununla əlaqələndirilir. "The National Interest" yazır ki, Pentaqonun açıqladığı rəsmi bəyanata görə, Suriya hərbi təyyarəsi ABŞ-ın dəstəklədiyi müxalifət güclərinə zərbələr vururdu. Dəməşqin bəyanatına əsasən, təyyarə İŞİD terror təşkilatının mövqelərinə zərbələr endirirdi. Və təbii ki, hadisəyə Moskvanın reaksiyası çox sərt oldu. Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilirdi: "BMT-yə üzv dövlətin qanuni silahlı qüvvələrinə qarşı "terrorizmlə mübarizə" adı altında ABŞ aviasiyasının döyüş hərəkətləri beynəlxalq hüququn kobud pozuntusudur və faktiki olaraq, Suriya Ərəb Respublikasına qarşı hərbi təcavüzdür". Rusiya Suriya hərbi təyyarəsinin vurulmasından dərhal sonra Suriya səmasında toqquşmaların qarşısının alınması üçün yaradılmış ABŞ-la əlaqə kanalının bağlandığını açıqladı. Eyni zamanda açıqladı ki, Fərat çayının qərbində aşkar edilən bütün hava obyektləri hədəf kimi qəbul olunacaq. Yəni həmçinin Amerika hərbi təyyarələri və pilotsuz kəşfiyyat təyyarələri də hədəf hesab olunacaq.
ABŞ-da yerləşən "CNA Corporation" mərkəzindən analitik Maykl Kofman hesab edir ki, Moskvanın bu qərarından sonra Suriya hava məkanında uçan koalisiya təyyarələri Rusiya hava hücumundan müdafiə güclərinin radiolakasiya stansiyaları tərəfindən müşayiət olunacaq. Onun sözlərinə görə, əslində, ruslar Amerika pilotlarını və onların müttəfiqlərini cavab hərəkətlərinə təhrik edəcək: "Çünki əks təqdirdə koalisiya gücləri öz əməliyyatlarının keçirilməsi zamanı təhlükənin yüksək səviyyəsi ilə razılaşmalı olacaq. Bu o deməkdir ki, indi Rusiya-Amerika münasibətləri prezident və diplomatların plan və prioritetlərindən deyil, əsəblərdən, pilotlardan və yerüstü xidmətlərin ani reaksiyasından asılı olacaq". "The National Interest" onu da yazır ki, Suriyada problemlər davam edəcəksə, Moskva çətin ki, Amerika hərbçilərinin döyüş imkanlarını birbaşa yoxlamaq istəyəcək: "Amma o, bütün Yaxın Şərq regionunda ABŞ-ın həyatını çətinləşdirmək üçün başqa üsulları və başqa vasitələri tapacaq. Üfüqdə artıq yeni Amerika sanksiyaları göründü. Putində belə bir düşüncə yarana bilər ki, itirməyə onsuz da heç nə yoxdur və bu halda qarşıdurmanın gücləndirilməsinə gedəcək".
ABŞ-ın "The American Conservative" nəşrinə görə isə, Moskva ciddidirsə, Suriyada dünyanı Rusiya-ABŞ toqquşmasının real perspektivi gözləyir: "Bazar günü vurulmuş təyyarə bu ölkədə 6 illik müharibənin gedişatında Amerika hərbçiləri tərəfindən vurulan ilk Suriya hərbi təyyarəsi oldu. Aprel ayında isə prezident Donald Tramp Suriya ordusuna məxsus hərbi aerodromun qanadlı raketlərlə vurulması barədə göstəriş vermişdi. Amerika tərəfinin iddiasına görə, aerodromdan dinc insanlara qarşı kimyəvi silah tətbiq edən təyyarələr üçün baza kimi istifadə olunurdu. Hazırda baş verən proseslər Rakkanın azad edilməsindən və İŞİD-in məhvindən sonrakı hadisələrin birinci qaranquşu ola bilər. Söhbət azad edilmiş ərazilər və əhali üzərində nəzarət üçün döyüşlərdən gedir. Prezident Bəşər Əsədin ordusu mümkün qədər çox ərazini tutmağa çalışır. Əsəd Rusiya, İran hərbçiləri, İraq və Əfqanıstandan olan şiə dəstələri, həmçinin "Hizbullah"ın dəstəyindən istifadə edir. Əsəd və onun müttəfiqləri indi Amerika tərəfindən dəstəklənən "Suriya Demokratik Gücləri"ilə üzə-üzə gəlirlər. Amma Amerika üsyançılara hücum edən Suriya təyyarələrini vurmağa qərar veribsə, bu, Rusiya ilə qarşıdurmaya, nəticədə daha genişmiqyaslı və təhlükəli müharibəyə gətirib çıxara bilər. Rakkanın İŞİD-dən təmizlənməsindən sonra biz Suriya üsyançıları və kürdlərin mövqelərini möhkəmləndirmək üçün gücdən və ABŞ-ın təsirindən istifadə etməyə hazırlaşırıqsa, Suriya, Rusiya, "Hizbullah", İran və hətta Türkiyə ilə münaqişəni provakasiya edə bilərik". Beləliklə, Suriyada hadisələrin gedişi daha təhlükəli xarakter almağa başlayır. Bu vəziyyətdə istənilən ABŞ və Rusiya müharibəsinin olması isə tamamilə mümkün sayılır.
Tahir TAĞIYEV